“Şaxtyor”un baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları ərəfəsində komandasının vəziyyətini dəyərləndirib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, həm hədəflərindən, həm də çatışmazlıqlardan danışıb:
“Dünən sentyabrın qalan hissəsi üçün plan hazırlayırdıq. Cədvəldə istirahət üçün çox vaxt yoxdur. Amma ilk növbədə, bu reallıqda yaşayan insanlar naminə əlimizdən gələni etməliyik. Bu, bizim arzumuzdur və çox çətin olacaq. Xüsusilə də, ev oyunlarını evimizdən minlərlə kilometr uzaqda keçirdiyimiz üçün. “Donbass Arena”da oynasaydıq, məqsədimiz ilk səkkizlikdə yer almaq olardı.
Bizim üçün əsas məqsəd Ukraynanı Çempionlar Liqasında layiqincə təmsil etməkdir. Bəzi futbolçularım hələ istədiyim səviyyədə hazır deyil. Topa ilk toxunuşlarımızda keyfiyyət çatışmazlığı var, hücumların sonluğunu isə həddindən artıq mürəkkəbləşdiririk. Bunları yaxşılaşdırmalıyıq. Oyunçularımın potensialına şübhəm yoxdur. Keçən mövsüm onlar çempionluq titulunu qazandılar və həm Ukrayna çempionatında, həm də Avropa turnirlərində ciddi təcrübə topladılar. Mən onlara inanmağa davam edirəm və əminəm ki, bu inam öz bəhrəsini verəcək”.
“Şaxtyor” Çempionlar Liqasının əsas mərhələsində PSV, AEK, “İnter”, “Sportinq”, “Fənərbaxça”, “Slovan”, “Leyptsiq” və “Real”la qarşılaşacaq. Ukrayna təmsilçisi ev oyunlarını Londonda – “Çelsi”nin stadionunda keçirəcək. İlk matç sentyabrın 10-da səfərdə PSV-yə qarşı olacaq.