Rafiq Hüseynov: “Azərbaycanın yunan-Roma güləşi tarixində belə titullu komanda olmayıb

“Azərbaycanın yunan-Roma güləşi tarixində belə titullu komanda olmayıb”.

Newsport.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında 82 kq çəki dərəcəsində mübarizə aparacaq 35 yaşlı idmançı hədəflərinin yenə komanda hesabında çempionluq olduğunu söyləyib: “Avropa və dünya çempionatı, eləcə də, Yay Olimpiya Oyunları digər yarışlardan fərqlənir. Bu məsuliyyəti tam dərk edirik. Qitə birinciliyinə nə üçün yollanacağımızı yaxşı bilirik. Ötən il komanda hesabında Avropa çempionu olmuşduq. Bu il də həmin uğuru təkrarlamaq istəyirik. Təbii ki, çətin olacaq. Təlim-məşq toplanışlarında səylə iştirak edirik. Yüksək səviyyəli kollektivə malikik. 55 kq-dan 130 kq çəkiyə qədər hamı böyüklərin yarışlarında medalçılar sırasındadır. Bəziləri dünya və Avropa çempionu, bəziləri olimpiya mükafatçılarıdır. Bu baxımdan uğurlu çıxış etməyə borcluyuq”.

Zədədən yeni qayıtdığını xatırladan Avropa və dünya çempionu özünü qitə birinciliyinə hazır hesab edir: “Zədələr daim bizi izləyir. Bu, yenilik deyil, adət halını almışıq. Zədənin nə demək olduğunu yaxşı bilirəm. Dekabrda əməliyyat olunanda həkimlər vəziyyətin ciddi olduğunu demişdilər. Buna baxmayaraq, müalicə kursları keçdik. Hətta onu deyə bilərəm ki, Milli Gimnastika Arenasında fizioterapevtimizin köməyi ilə müalicəmi keçdim. Müalicəni bitirəndən sonra hazırlığa qatılmışam. Məşqlər onu göstərir ki, optimal səviyyədə olmasam da, yarış üçün hazır vəziyyətdəyəm”.

Rafiq Hüseynov güləşçilərin bu il Polşada təşkil olunacaq III Avropa Oyunlarına qatılmamalarına da münasibət bildirib: “Avropa Oyunları olan ildə Avropa çempionatının keçirilməməsinə düzgün baxmıram. Çünki fərqli yarışlardır. Məsələn, Asiya Oyunları olan ildə Asiya çempionatı keçirilib. Təəssüf ki, bu il Avropa Oyunlarında iştirak etməyəcəyik. Amma belə mötəbər turnirdə mübarizə aparmağı, komanda şəklində sözümüzü deməyi istərdim. Hər bir idmançı daha çox yarışda iştirak etməyi arzulayır. Ancaq qərar belə olub, bizdən asılı olan şey deyil”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 17-dən 23-dək baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right