Rafael Fiziyev: "Geyci ilə döyüş mənim üçün yeni zirvə, yeni yol deməkdir"

"Geyci ilə döyüş mənim üçün yeni çağırış, yeni zirvə və yeni yol deməkdir. Amma o qədər xoşbəxtəm ki, daha bu barədə düşünmürəm".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev ABŞ idmançısı Castin Geyciyə qarşı keçirəcəyi görüş haqqında "sport24.ru" saytına müsahibəsində deyib.

30 yaşlı idmançı rəqibin son qarşılaşmalarda kifayət qədər ağıllı döyüşməyə başladığını bildirib: "Amma istənilən halda o, oktaqonun hökmdarıdır. Döyüşməyi sevən, ürəyi ilə vuruşan idmançıdır. Soyuqqanlılığımı qorumaq şərtilə hər şeyi etməyə, rəqibin həmlələrini qarşılamağa hazıram. İnanıram ki, planım işləyəcək".

Fiziyev rəqiblərinin adətən son döyüşlərinə baxmağı xoşladığını söyləyib: "Dörd-beş il əvvəlki görüşləri izləməyin nə mənası var? İnsan məşq edir, dəyişir. Geycinin döyüş üslubu isə demək olar eynidir: daha çox əllərlə işləyir və aşağı nahiyələrə zərbələr vurur".

Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-dən 19-na keçən gecə İngiltərənin paytaxtı Londonda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right