Həftəsonu “AHF Arena”da qadın həndbolçuların Azərbaycan çempionatında iki turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, 11-ci turda “Azəryol” və “İdman Akademiyası” komandalarının görüşü olduqca gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Fasiləyə 16:16 hesabı ilə yollanan rəqiblər ikinci hissədə də qalibi müəyyənləşdirə bilməyiblər-27:27. Penalti seriyasında isə daha dəqiq oynayan “İdman Akademiyası” yarışın lideri ilə dueli qələbə ilə başa vurub – 31:29.
Ardınca meydançaya çıxan U-16 və “Azərsu” komandalarının qarşılaşmasında isə “Azərsu” favorit statusunu təsdiqləyib – 31:18.
Bu komandaların 12-ci turdakı görüşündə isə fərqli nəticə qeydə alınıb. Meydançaya revanş hissi ilə çıxan “U – 16” gərgin mübarizə şəraitində keçən oyunu 23:22 hesablı qələbə ilə bitirməyi bacarıb.
“Azəryol” da öz növbəsində bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxıb. “İdman Akademiyası”nın bütün cəhdlərinə baxmayaraq oyunun hər iki hissəsini yüksək səviyyədə keçirən rəqib 44:26 hesabı ilə qələbə qazanıb.