Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 5-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, turun hər iki matçı bu gün Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb.
Voleybol Mərkəzində təşkil olunan 5-ci turun ilk qarşılaşmasında “Azərreyl” klubu “Abşeron”la üz-üzə gəlib. Birinci dövrədə “Abşeron”u üstələyən “Azərreyl” ikinci görüşdən məğlub ayrılıb. İlk setdə 25:21 hesabı ilə qalib gələn Famil Ağayevin komandası sonrakı hissələri də aktivinə yazıb – 26:24, 25:17. Nəticədə “Abşeron” 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.
Günün son matçında isə “Murov” və UNEC kollektivləri qarşılaşıblar. Bu görüşdə də qalib 3 setdə müəyyən olub. Vüqar Əliyevin komandası matçdan asan qələbə ilə ayrılıb. “Murov” ilk hissəni 25:09, sonrakı setləri isə 25:23 və 25:11 hesabları ilə qazanıb.
Beləliklə, 5 turdan sonra lider “Azərreyl”in 11 xalı, “Murov”un 10, “Abşeron”un 9 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Yüksək Liqa
5-ci tur
6 fevral
“Azərreyl” – “Abşeron” 0:3 (21:25, 24:26, 17:25)
“Murov” – UNEC 3:0 (25:09, 25:23, 25:11)