AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) dəvəti ilə Türkiyə Dopinqlə Mübarizə Komissiyasının (TDMK) nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Newsport.az xəbər verir ki, TDMK-nın rəhbəri professor Rüştü Günerin rəhbərlik etdiyi 6 nəfərdən ibarət nümayəndə heyətinin səfərinin məqsədi iki ölkənin milli antdopinq təşkilatları arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi olub.

Qonaqlar AMADA-nın rəhbərliyi ilə birgə əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib. Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Sonra isə AMADA-nın ofisində iki qurumun rəhbər heyətinin iştirakı ilə görüş keçirilib. AMADA-nın direktoru Şəfəq Hüseynli qonaqları salamlayaraq bildirib ki, yerli və qlobal müstəvidə dopinqlə mübarizədə milli antidopinq təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. AMADA digər tərəfdaşlarla əlaqələrə hər zaman xüsusi əhəmiyyət verir və öz təcrübələrini bölüşməyə hazırdır.

TDMK-nın direktoru professor Rüştü Güner isə bildirib ki, AMADA-nın qısa müddət ərzində keçdiyi inkişaf yolunu böyük maraqla izləyir və təqdir edirlər. 6 il ərzində AMADA nəyinki peşəkar dopinq nəzarəti sistemi yaradıb, eyni zamanda qlobal səviyyədə dopinqlə mübarizəyə töhfə verən bir qurum kimi nüfuz qazanıb. Rüştü Güner bildirib ki, TDMK üçün AMADA-nın həyata keçirdiyi beynəlxalq layihələr, dopinqlə mübarizədə tətbiq etdiyi innovativ üsullar xüsusi ilə maraq kəsb edir. Bu və digər bütün sahələrdə təcrübə mübadiləsi hər iki qurum üçün faydalı olacaq.

Daha sonra hər iki qurumun əməkdaşları antdidopinq maarifləndirməsi, test etmə, antidopinq elmi araşdırmaları,  antidopinq icraatları və antidopinq təhqiqatları sahələri ilə bağlı qarşılıqlı təqdimatlar ediblər. Müzakirələrin nəticəsi olaraq bütün bu sahələrdə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davamlı olaraq aparılmasına qərara verilib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti AMADA-nın ölkədə fəaliyyət göstərən idman qurumlarının mətbuat katibləri üçün təşkil etdiyi antidopinq seminarında da iştirak edib. Əsas antidopinq anlayışları, antidopinq icraatlarının hüquqi aspektləri və qida əlavələrinin yaratdığı risklər mövzusunda keçirilən tədbirdə ölkədə fəaliyyət göstərən idman federasiyaları və peşəkar futbol klublarının mətbuat katibləri üçün xüsusi təqdimatlar edilib. Bu mövzularda həmçinin Türkiyə təcrübəsi ilə bağlı məlumatlar verilib, müzakirələr keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Səfər çərçivəsində qonaqlar həmçinin Azərbaycan Atıcılıq Federasiyasının Bakı Atıcılıq Mərkəzində olublar. Burada Avropanın ən böyük atıcılıq mərkəzlərindən biri olan kompleks barədə qonaqlara ətraflı məlumat verilib və onlar idmançıların nümunəvi çıxışlarını izləyiblər. Sonda isə qonaqlar Heydər Əliyev Mərkəzində olub, buradakı muzey və sərgilərlə tanış olublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right