“Bu medalları şəhidlərimizə həsr edirik”

Ötən həftə Yunanıstanın Katerini şəhərində keçirilmiş U-17 və U-20 Avropa çempionatında rekord nəticəyə imza atan çimərlik güləşi üzrə Azərbaycan millisinin üzvləri dünən vətənə qayıdıb.

Newsport.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda iki yarışın cəmində 7 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan və hər iki yaş qrupunda komanda hesabında Avropa çempionu olan yığmanı Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər və idmançıların yaxınları qarşılayıb.

Anar Cəfərli, U-17 Avropa çempionu: “Çox sevinirəm. Yeniyetmə güləşçilərimiz 4 çəki dərəcəsində ən yüksək pilləyə qalxdılar. Ölkəmiz qitə çempionu oldu. Biz çimərlik güləşində tarix yazdıq. Federasiya rəhbərliyinə bizə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Yığmanın məşqçiləri Oyan Nəzərianiyə, Ağahüseyn Mustafayevə, şəxsi məşqçim Allahverdi Vəliyevə minnətdaram. Söz vermişik ki, sentyabrda Rumıniyada keçiriləcək dünya çempionatında da qızıl medal qazanacağıq. Bu medalları şəhidlərimizə həsr edirik”.

Rübail İbrahimli, U-20 Avropa çempionu: “Yarış çox gərgin keçdi. Rəqiblərimiz də güclü idi. Ancaq biz onlardan bir baş üstün idik. Təlim-məşq toplanışları çox uğurlu keçmişdi. Bunun da nəticəsi olaraq belə qələbələr qazandıq. Federasiya rəhbərliyinə və məşqçilərimizə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, U-17 yaş qrupunda Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) Avropa çempionu olub. U-20 yaş qrupunda isə Rübail İbrahimli (70 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) qızıl, Hüseyn Əliyevlə (70 kq) Fərid Yusifov (80 kq) gümüş, Anar Cəfərli (80 kq) isə bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right