Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ikinci yarış günü davam edir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
Bu gün körpücük üzərinə ilk olaraq çəkisi 73 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 297 kq (135+162) çəkinin öhdəsindən gələn Paşa İbrahimli qızıl medala sahib çıxıb. Toplam 286 kq (126+160) nəticə ilə Nurlan Məmmədzadə ikinci, toplam 285 kq (130+155) nəticə ilə Ömər Cavadov üçüncü yeri tutublar.
Daha sonra 81 kq-a qədər olan idmançılar qalibi müəyyən ediblər. Toplam 297 kq (131+166) çəkinin öhdəsindən gələn Elşad Şərifov qızıl medala sahib çıxıb. Toplam 295 kq (135+160) nəticə ilə Kənan Əliquliyev ikinci, toplam 267 kq (120+147) nəticə ilə Füqan Əliyev üçüncü yeri tutublar.