Azərbaycanın güləş üzrə olimpiya komandasının yarısı bu gün Fransaya yollanıb.
Newsport.az xəbər verir ki, yunan-Roma güləşçiləri – Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak ediblər.
Avqustun 5-də Murad Məmmədov və Sabah Şəriəti, növbəti gün Sənan Süleymanov (77 kq) və Mariya Stadnik (50 kq), Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) avqustun 7-də mübarizəyə start verəcək.
Olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaqlar. Paris-2024 avqustun 11-də yekunlaşacaq.