Kateqoriya: Futzal | Tarix: 12.09.2023 15:24
DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya ilə qarşılaşacaq Azərbaycan millisinin bu gün KİV üçün açıq məşqçi və baş məşqçi Vitali Borisovun iştirakı ilə brifinq keçirilib.
Newsport.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Vitali Borisov bunları deyib:
“Ölkə xaricində çıxış edən futzalçılarımız da dünəndən komandaya qoşulub. 1-2 nəfərdə yüngül problem var. Gecə komanda səfərə çıxır. Rumıniya yığmasının 4 – Mərakeşlə 2 yoldaşlıq, Danimarka və Finlandiya ilə seçmə mərhələ görüşünü izləmişik. Taktiki baxımdan necə oynadıqlarını, müdafiədə necə hərəkət, nə zaman pressinq etdiklərini bilirik. Artıq oyunçulara da müəyyən fikirlərimizi çatdırmışıq. Son 2 məşqimizi Rumıniyada reallaşdıracağıq və son tapşırıqları da orada verəcəyik. Komanda ilə birgə oyun epizodlarına baxış olacaq. Şanslar 50-nin 50-yədir.
Niderland millisini hələ analiz etməmişik. Ancaq müəyyən informasiyamız var. Onların hazırkı baş məşqçisini yaxşı tanıyırıq. Vaxtilə bir yerdə işləmişik, Rusiyada oynayanda məşqçim olub.
Milli komandanın baş məşqçisi kimi debüt oyunum olacaq. Hər kəs uğurlu nəticə qazanmaq istəyir. İnşallah biz də bunun öhdəsindən gələrik. Komandada əhval-ruhiyyə yaxşıdır”.