Kateqoriya: Futzal | Tarix: 13.01.2022 14:30
Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan futzal millisinin bu gün mətbuat üçün açıq məşqçi keçirilib.
Newsport.az-ın məlumatına görə, məşqdən sonra millinin üzvü Ramiz Çovdarov açıqlama verib:
“Yanvarın 5-dən məşqlərə başlamışıq və fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilib. Yanvarın 10-dan isə rəsmi təlim-məşq toplanışındayıq. Ölkə xaricində çıxış edən oyunçularımız da həmin tarixdə komandaya qoşulub. Onlar gəldikdən sonra taktiki və texniki planda çalışmalara üstünlük verildi, standartlar üzərində işləyirik. Komandanın qarşısına qoyulan məqsəd məlumdur: 1/4 final mərhələsinə yüksəlmək.
Ukrayna ilə iki yoldaşlıq oyunu keçirdik. Məğlub olmaq istəməzdik. Ancaq həmin matçlar xeyrimizə oldu. Səhvlərimizi gördük, indi də onlar üzərində işləyirik. Yanvarın 16-da Belçikaya yollanacağıq, ertəsi gün bu ölkənin millisi ilə qarşılaşacağıq. Bu oyun komandanın çempionata nə qədər hazır olduğunu göstərəcək”.