“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransı keçirib. Newsport.az saytının konfransda olan əməkdaşının verdiyi məlumata görə, Hacıyev iddialı açıqlamalar verib.
- Sabahkı heyətlə bağlı yekun qərar vermisiniz?
- “Çixura” ilə oyundakı heyətlə bağlı heç bir açıqlama verməyəcəm. Heç bunu komandanın özü bilmir. Mənim daxilimdə olan fikrimdi. Əvvəldən nə taktika açıqlanacaq, nə də başqa bir şey. Heç “Koper” də gözləmirdi ki, “Neftçi” elə bir taktika ilə oynasın.
- Adətən, iddialı açıqlamalar verirdiniz. Amma, deyəsən Koper məğlubiyyətindən sonra çəkinirsiniz...
- Mən heç nədən çəkinmirəm. Bu yaşdan sonra xasiyyətimi dəyişməyəcəm ki. Sadəcə, rəqibi ayıltmaq istəmirəm. Bu gün “Neftçi” də, Böyükağa Hacıyev də eynidir. Səbrli olun və sabah saat 20.00-da şahidi olacaqsınız ki, necə oynayacağıq.
- Jurnalistlərə sözünüz var? “Koper” məğlubiyyətini bəziləri faciəyə çevirmişdi. Əlavə olaraq, ilk hissədə oyunu həll etməyə çalışacaqsınız?
- Bu gün yüz dənə Böyükağa, Ramos, Samir olsa da qismət Allahdandır. Çalışırıq ki, rəqibə qarşı elə taktika irəli sürək ki, tutsun. Pis taktika yoxdur, pis icraçılar var. Sabah verilən tapşırığa nə qədər əməl etdiyinin hər kəs şahidini olacaq. Sizə nə lazım idi? Mən Koperi burda 1-0 udub, gedib orda 2-0 uduzum? Çixura çox yaxşı komandadır, savadlı məşqçiləri var Bu gün Avropada çıxış edirsə, deməli zəif komanda yoxdur. Ən yaxşılar burdadır. Çixuranın futbolçusu Rekviaşvili 2-0 qalib gələcəyik deməklə arının yuvasına çöp uzadıb.
- Sizi türkçü, vətənpərvər biri kimi tanıyırıq. “Çixura” ilə oyunda Türkiyə bayrağı tapdanır, təhqir olunur. Siz qisas almaq düşünürsünüz?
- Şenol Günəş Türkiyənin mərd oğludur. Onun heç kimin müdafiəsinə ehtiyacı yoxdur. Əgər məsələ bu yerə gəlib çıxırsa, onda qisas qiyamətə qalmaz. Deyilsə ki, kiçik qardaş qisasımızı al, alarıq. Çox istərdim ki, bu gün “Bursaspor”la qarşılaşaq. Futbol çərçivəsində nələr baş verəcəksə, bunu sabah görəcəksiniz.Son 5-6 aydır bir hüçumçuya ehtiyacım olduğunu dilə gətirmişəm. Demirəm ki, almayıblar. Disklər gətirmişik, baxmışıq. Amma, mən ikinci Kanales axtarıram. İnşallah qrupa düşsək, hökmən hücumçu alacağıq.