"Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun "Çixura"yla oyundan sonra "Mixail Mesxi" stadionunda jurnalistlərə müsahibəsi:
- Tiflisdə hadisələrin bu cür cərəyan edəcəyini gözləyirdinizmi?
- Oyunun gərgin olacağını bilirdik. Çünki hələ SSRİ dövründən gürcülərlə bizim oyunlar çətin keçib. İlk matçın qolsuz heç-heçə ilə bitməsi də qarşılaşmanın gərgin keçəcəyini labüd etmişdi. “Neftçi” əzmkarlıq nümayiş etdirdi. Fərqli iki hissə izlədik. Fasiləyə qədər rəqib qapısından 3 top keçirən komandamız ikinci hissədə ehtiyatlı oynadı. Çünki bizə hesab lazım idi. Buna görə də, baş məşqçini başa düşmək olar. Bizim üçün nəticə vacib idi, bunu da əldə etdik.
- “Koper”lə Bakıdakı oyundan sonra səfərdə qələbə qazanacağınızı əminliklə bildirmişdiz. “Çixura” ilə qolsuz heç-heçədən sonra da belə oldu. Bu əminlik sizdə hardan idi?
- Komandaların gücü bəllidi. Bakıdakı hər iki oyunda epizodlarımız oldu, amma vura bilmədik. “Çixura” “Neftçi”yə uyğun komanda deyil. Bakıdakı oyundan sonra da bunu izah etməyə çalışdım. “Neftçi” bunu sübut etdi. Əmin danışmağım komandamın gücünə bələd olmağımdan irəli gəlirdi.
- Son iki oyundu turu səfər qələbəsiylə keçirsiz...
- Niyə belı olduğun deyə bilmərəm, amma “Çixura” ilə ilk oyundan sonra söz verdim ki, komandamız “pley-off” mərhələsinin ev qarşılaşmasını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Bu stadion bizim üçün çox uğurludu. İtaliya “İnter”i ilə başabaş mübarizə apardıq, “Rubin”ə, “Partizan”a qarşı yaxşı oyunlar sərgilədik. Respublika stadionunun başqa aurası var. Futbolumuzun inkişafı həmin stadiondan başlayıb. “Qarabağ”ın “Zalsburq”a qarşı bu arenada necə futbol sərgilədyini da hamımışz gördük.
- “Pley-off” mərhələsində 2 komandamız iştirak edəcək...
- Bu, böyük uğurudur. Gələn il bu rəqəmin 4-ə çatacağına inanıram. Transferlər baxımından “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter”, “Qarabağ”, elə “Neftçi”nin özü yaxşı heyət yığıb.
- Nikolas Kanalesin transferi baş tutacaqmı?
- Artıq demək olar ki, Kanales “Neftçi”nin futbolçusudur. Deyəsən, Nfor da Kanalesin gəlişini eşidib əl-əyağa düşüb. Halbuki, 1 ildi “Neftçi”dədir, ondan çox şey gözləyirdik. O, “Çixura” ilə oyunda çox məsələyə aydınlıq gətirdi. Nfordan sözün yaxşı mənasında gözləmədiyim oyunu gördüm.
- Gürcü azarkeşlərin erməni dilində pankart asmağa cəhd etməsi barədə fikriniz nədir?
- Onlar 3-4 erməni dığasıdır. Meşə çaqqalsız olmaz. Həmin 3-4 adamın dedikləri gürcü xalqının sözü deyil. Gürcü azarkeşləri futbolu necə sevdiklərini stadiona toplaşmaqla, komandalarını dəstəkləməklə göstərdilər. Burada xeyli sayda erməni yaşayır. Bu təxribatlar da həmin dığaların işidir.
- Bazar günü ölkə çempionatının I turunda “Araz Naxçıvan”la qarşılaşacaqsınız. “Neftçi” tərəfi oyunun təxirə salınmasını istəyirdi. İndi vəziyyət nə yerdədir?
- Təxirə salsalar, çox yaxşıdı. Çünki qarşıdan “pley-off” mərhələsi gəlir. Heyətimiz elə də geniş deyil. Futbolçulara müəyyən qədər istirahət vermək lazımdır. Ardından Superubok oyunu gəlir. Bu gün həm “Neftçi”yə, həm də “Qarabağ”a “pley-off” mərhələsinə hazırlaşmaq daha vacibdir. Super kuboku başqa vaxta da keçirmək olar. İndiki məqamda bu oyunun keçirilməsi nə bizə, nə də “Qarabağ”a xeyir verəcək.
- Oyun keçirilsə, əsas heyətlə çıxış edəcəksiniz?
- Məcburiyyət qarşısında qalsaq, əsas heyətlə çıxış etməyəcəyik. Əvəzedicilər və gənclərlə meydana çıxacağıq. Çünki məqsədimiz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Bu qədər əziyyət bunun üçün çəkilir. Həmin oyunlarda aparıcı futbolçulardan biri zədələnsə, komanda çətin vəziyyətdə qala bilər.
- Qrup mərhələsinə vəsiqə qazansanız, yen futbolçular transfer edəcəksiniz?
- Yeni oyunçular olmayacaq. Bircə Kanalesi alırıq. Çünki o, “Neftçi”də özünü doğrultdu. Hücumçu kimi sözünü dedi, yaxşı da insandır. Ondan başqa futbolçu gətirmək fikrimiz yoxdur. Gənclərə də şans vermək lazımdı.
- Tahir Süleymanov istefa verib və qəbul edilib. Amma o, klubdakı fəaliyyətini davam etdirir. Süleymanov hansı vəzifəyə təyin edilib?
- Süleymanov vitse-prezident postundan istefa verib. Onun istefası tərəfimdən qəbul edilib. Ancaq mütəxəssis kimi komandada mənə kömək edir. “Neftçi”yə kömək edən mütəxəssislərin hamısı vitse-prezident olmalıdır? Tahir Süleymanov klub rəsmisi deyil. Ola bilsin, gələcəkdə prezidentin müşaviri kimi və ya başqa vəzifədə fəaliyyət göstərsin. Ancaq hazırkı vaxtda o, vitse-prezident deyil.