Qurban Qurbanov: "Təxribatlar bizə təsir etmir"

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ikinci turunda səfərdə "Hekken"i 1:0 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Vacib üç xal əldə etdik. Oyunçular matçı tam idarə edə bildilər. Azarkeşlərimizə də təşəkkür edirəm.

- Futbolçular tapşırıqlarınızı tam yerinə yetirdilər?

- Ümumən pis alınmadı. Rəqibin topla yaxşı davranan və sürətli oyunçuları var. Bəzi epizodlarda onları gözdən qaçırdıq. Biz get-gedə oyunu ələ ala bildik. Qalib gəlmək istəyiriksə, daha diqqətli və aktiv olmalıyıq. Futbolçular bəzi epizodlarda düzgün oynamadıqlarını başa düşdülər. Amma ümumən oyundan razı qaldım.

- Qarşıda "Bayer"lə oyun var. Bu matç haqda fikirləriniz necədir?

- Hər matçda daha ciddi olmalıyıq. Uğur əldə edirsənsə, rəqiblər sənə qarşı daha ciddi hazırlaşır. Həmişə güclü rəqiblərə qarşı oynamağımızı istəmişəm. Bu, həmişə bizə faydalı olacaq. "Bayer" də ən pik formasındadır. Öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Rəqibi tam yaxından analiz edəcəyik. Yaxşı oyun və mübarizə göstərmək niyyətindəyik.

- Bədavinin əvəzlənməsi nə ilə bağlı idi?

- Bədavinin əzələsində ağrı oldu. Özü əvəzlənməsini istədi

- Maksimin qapıya gedən topun qarşısını alması matçın qırılma nöqtəsi idi?

- Bu, hər futbolçunun etməli olduğu işdir. O epizod olmamalı idi. Amma belə şeylər futbolçunun üstün keyfiyyətini göstərir və komandanın özünəinamını artırır.

- Bu gün erməni təxribatı gözlənilirdi. Bu, futbolçulara necə təsir edir?

- Belə şeylər olanda biz daha inamlı olmuşuq. Biz peşəkarıq. İşimiz meydanda futbol oynamaqdır. Hər oyunda təxribatların qarşısını almaq üçün UEFA tədbirlər görür. Düzdür, bəzi hallarda təxribat baş verib. Bu ölkədə hər şey bizim üçün xoş oldu. Bizim üçün heç bir vətəndaşın fərqi yoxdur, hamıya hömətlə yanaşırıq. Həmişə başımız dik olub. Bu cür hallar bizə təsir etmir. 

- Müdafiəninn sağ cinahında problem görünürdü. Marko Veşoviç nə vaxt qayıdacaq?

- Bir aya hazır olacaq. Hazırda o mövqedə Mateus oynayır. Onun komandaya faydası çoxdur. Tapşırıqları layiqincə yerinə yetirir. Bəzən böyük oyunlarda təcrübə vacibdir.

- Bəhlul Mustafazadənin durumu necədir?

- Ayağında sınıq var idi. Sağalması vaxt tələb edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right