"Partizan"ın sabiq forvardı: "Yovanoviç komandasını "Sabah"a böyükhesablı məğlubiyyətdən xilas etdi"

Serbiyanın "Partizan" klubunun sabiq hücumçusu Nemanya Koyiç Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun ilk oyununda Belqrad təmsilçisinin "Sabah"a məğlubiyyətini (0:2) şərh edib.

Sportal.az xəbər verir ki, ölkəsinin “İnformer” portalına danışan serb iki komanda arasında keçiriləcək cavab oyununa toxunub: 

"Bilirəm ki, klubun daxilində və ətrafındakı vəziyyət uzun müddətdir ideal deyil. Amma inanıram ki, azarkeşlər cümə axşamı stadionda olacaq, İqor Dulyay və komandaya dəstək göstərəcəklər. Dəfələrlə “qrobari”nin (“Partiza”nın ultrası) necə dəstək olduğunu hiss etmişəm, xüsusən də matçın ilk 15-20 dəqiqəsində. İndi komandanın azarkeşlərə ehtiyacı var. Çünki 12-ci oyunçu olmadan "Partizan"ın irəli getməsi çox çətin olacaq.

"Partizan"ın zəif oyunu böyük sürprizdir. "Sabah" "Partizan"dan üstün idi, yalnız qolkiper Aleksandr Yovanoviçin sayəsində daha böyükhesablı məğlubiyyət qeydə alınmadı. Bu narahatlıq doğurur və təhlil tələb edir. Amma eybi yoxdur. Cavab oyununda ilk saniyədən hücuma keçmək lazımdır. Lakin asan olmayacaq. Çünki hücuma keçmək məcburiyyətində qalanda rəqibə əks-hücum etmək üçün çox boşluq verirsən. Bunun mənfi yanları da baş verə bilər. İnanıram ki, dolu tribunaların dəstəyi ilə vəziyyəti dəyişmək və qələbə qazanmaq mümkün olacaq".

Belqrad təmsilçisinin keçmiş futbolçu hazırkı heyətin gücünü də dəyərləndirib: "Mən daha çox yerli oyunçulara və akademiyadan çıxan gənclərin istedadını göstərməsinin tərəfdarıyam. Legionerlər həm avrokubok matçlarında, həm də əbədi derbilərdə fərq göstərməlidir. Onları məhz buna görə gətiriblər, yaxşı maaş verirlər. Doğrudur, onlar yenidir, uyğunlaşmaları üçün zaman lazımdır. Amma "Sabah"la oyunda onlardan daha çoxunu gözləyirdim. Onlar komandanı arxasınca aparmalı idilər, lakin meydanda görünmədilər. Müdafiəyə gəlincə, bu, nəinki indi, əvvəlki mövsümlərdə də mübahisələrə səbəb olub. Aydındır ki, boşluqlar var və onları gücləndirmək lazımdır. Hücumçular qələbə qazandırır, kuboku gətirənlər müdafiəçilərdir".

33 yaşlı hücumçu 2013-2015-ci illərdə "Partizan"da çıxış edib. Serbiyalı hazırda "Lozniça"da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right