Tahir Gözəl: "Bu gün sübut etdik ki, "Qarabağ" heç kimdən asılı deyil"

"Qarabağ" Avropa Konfrans Liqası pley-off mərhələsinin ilk oyununda Belçikanın "Gent" klubunu 1:0 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib:

- Türkiyə xalqına başsağlığı verirəm. "Qarabağ" klubu həmişə kədərli günlərdə xalqımıza təsəlli verib. Bu da böyük acımıza kiçik bir təsəlli idi. Bu gün "Qarabağ" Azərbaycan tarixində bir ilkə imza atdı. Pley-off mərhələsində ilk qələbəmizi qazandıq. Bu, çox uğurlu addımdır. Amma hələ heç nə bitməyib. Cavab görüşündə şəxsən özüm də Belçikada olacağam. Bizim üçün tarixi matç olacaq. Bu gün komandanın oyunundan çox razı qaldım. Heyətimizdə çox dəyişikliklər baş verdi. Bu gün "Qarabağ" sübut etdi ki, komanda heç bir oyuncudan ibarət deyil. "Qarabağ" artıq Avropa klubudur. Qurban Qurbanovun məharətini bu gün də gördük. Komanda ilə fəxr edirəm.

- Mərhələni keçmək şansını necə dəyərləndirirsiz?

- Bugünkü oyuna baxanda insan ümidlənir. Asan deyil. Rəqibin çox sürətli əks-hücumları var, çox dinamik komandadır. Cavab görüşündə çox diqqətli olmalıyıq. Yeni gələn oyunçularımız var. Komanda hər gün inkişaf edir. 23 fevral tarixində güclü "Qarabağ" görəcəyik. Hədəfim oradan da qələbə ilə çıxmaqdır.

- Bu qələbəni Türkiyəyə ərməğan etmək olar?

- Bizim üçün böyük şərəfdir. Türkiyə xalqını, öz xalqımızı təbrik edirəm. Ölənlərə Allah rəhmət eləsin, yaralılara şəfa versin. Bu da bizim Türkiyəyə mənəvi hədiyyəmiz olsun. 

- Vacib futbolçular komandanı tərk edirlər. Onlar "Qarabağ"da qalmaq istəmirlər?

- Əsas futbolçuların öz fikirləridir. Bir oyunçu qalmaq istəmirsə, onu saxlamaq mümkün deyil. Bunun qarşısını almaq üçün çətinliklər yaradırıq. Məsələn Kadi Borgesə demişdik ki, səni istəyən klub minimum 5 milyon dollar ödəməlidir. Müqavilələrdə bizə sərfəli olan bəndlər qoyuruq. Buradan Dubaya gedəndə təsadüfən Kadi ilə eyni təyyarədə idim. Soruşdum ki, "Qarabağ" necə klub idi? Dedi ki, "Qarabağ" mənim üçün heç vaxt unuda bilməyəcəyim bir ev idi. Qurban Qurbanovun insanlığından, liderliyindən danışdı. "Qarabağ"ı "Qarabağ" edən budur. Bu ruh, bu mənəviyyat olduğu müddətdə bizə gələn futbolçular burada inkişaf edəcəklər. Bu gün sübut etdik ki, "Qarabağ" heç kimdən asılı deyil. Artıq biz Avropanın ən böyük 50 klubunun arasına girmişik. Gücümüz davam edəcək. 

- Yeni gələn futbolçuların performansını necə dəyərləndirirsiz?

- Onlardan razı qaldım. Vaxt lazımdır. Qurban hoca da bu barədə danışıb. Etiraf edim ki, bu gün matça böyük həyəcanla baxırdım. Yenilənmiş bir komanda var. Şükür yaxşı keçdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right