"Gent"in baş məşqçisi: "Qarabağ"dan qorxmuruq"

"Gent" Avropa Konfrans Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Belçika təmsilçisinin baş məşqçisi Heyn Vanhazebruk jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ" Belçikada o qədər də tanınmır. Bu klub haqda fikriniz necədir?

- "Qarabağ" çox yaxşı komandadır. Çempionlar Liqasında çıxış ediblər. Bu mövsüm ÇL-də pley-offa qədər irəlilədilər. Belçika klubları baxıb öyrənməlidir ki, bunu necə etmək olar, necə gəlib çatmaq olar ora, örnək götürülməlidir. Polşa, Macarıstan, İsveçrə çempionlarını uddular. Avropa Liqasında üç böyük ölkənin klubları ilə qarşılaşdılar. "Frayburq"la çox yaxşı oynadılar, həmin matça baxdım. 10 nəfərlə qalanda da üstün futbol nümayiş etdirmişdilər. "Qarabağ"da baş məşqçisinin təsiri üst səviyyədədir və onun sayəsində buralara gəlib çıxıblar.

- "Qarabağ" evdə iki dəfə Belçika klublarını məğlub edib, "Brügge" və "Anderlext"i...

- Bu oyunlar uzun zaman öncə idi. Biz də önəmli oyunçularımızı itirmişik. Səhv etmirəmsə, bu mövsüm "Qarabağ" evdə bir dəfə məğlub olub. Ötən mövsüm "Marsel"ə uduzublar. Bizim üçün çətindir. Çünki 30 min azarkeş qarşısında oynayacağıq. Bu, bizi həyəcanlandırır. Çətin oyun olacaq.

- Sabah bərabərlik sizin üçün yaxşı nəticə olacaq?

- Bizim üçün qələbə çox yaxşı olardı. Amma bərabərlik də önəmlidir. İşimizi öz evimizdə həll etməli olacağıq. Az top fərqi ilə uduzmaq belə, yaxşı nəticə sayıla bilər. Unutmayaq ki, "Qarabağ" həm də səfərdə yaxşı oynayır. Bu mövsüm səfərdə "Olimpiakos"u, "Ferentsvaroş"u məğlub ediblər. Bu, o deməkdir ki, "Qarabağ" həm evdə, həm də səfərdə çox yaxşı nəticə göstərir.

- Beş saatlıq uçuş və saat fərqi oyununuza təsir edəcək?

- Xeyr. "Qarabağ" da 5 saat uçub gələcək Belçikaya. Bu bəhanənin arxasında gizlənmək lazım deyil. Uzun məsafələrə çox uçmuşuq. Planlarımızı buna uyğun qururuq. Əlimizdən gələni edəcəyik ki, təsir etməsin.

- "Qarabağ"a Qafqazın "Barselona"sı deyirlər. Bunu bilirdiniz?

- Bunu eşitməmişdim. Amma bəllidir ki, hər il avrokuboklarda oynayırlar, böyük klublara qarşı yaxşı mübarizə aparırlar. Futbolçularını tanımırıq. Amma onlar meydanda çox yaxşı oyun göstərirlər.

- "Gent"in "Qarabağ"dan qorxduğunu söyləmək olar?

- Xeyr. "Qarabağ"a hörmətimiz var. Biz "Tottenhem"ə qarşı da oynamışıq. Qorxmaq lazım deyil. Biz "Qarabağ"dan qorxmuruq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right