Qurban Qurbanov: "Əsl azərbaycanlı kimi qərar vermək istədim"

"Qarabağ" Avropa Konfrans Liqası pley-off mərhələsinin cavab oyununda "Marsel"ə 0:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Dünən də demişdim ki, riskə gedəcəyik və əvvəlcədən böyükhesablı nəticə olacağını hardasa gözləyirdim. Hər bir halda fikrim bu komandanı oyun sistemini, oyununu dəyişməkdi. Azərbaycan futbolunda addım atmaq fikrim var ki, daha hücumameyilli, daha aqressiv, daha aktiv oynayıb, rəqib meydanında oyun quraq. Futbolçulardan çox razı qaldım. Möhtəşəm oyun oynadılar. 0:2-dən sonra bir neçə dəyişiklik etdim, 0:3 və 0:4-ü fikirləşmirdim. İstəyirdim ki, digər futbolçularımız da bunu hiss etsin. Saysız-hesabsız epizodlarımız oldu. Sadəcə ustalıq səviyyəsi fərqlidi. Rəqib 2-3 epizoddan yararlandı. Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm atmosfer idi. Köklü klubların ölkəmizə gəlməsi, bizim onlara qarşı mübarizə aparmağımız futbolumuz üçün böyük təkandı.

- Fair-play epizodunu necə şərh edərdiniz? Xorxe Sampaoli dedi ki, Qurban Qurbanovun yerində olsaydım, hakimin fikrini dəyişməyə çalışmazdım...

- Bu sualı cavablandırmaq bundan sonra mənim üçün ən çətin məqamlardan biri olacaq. Bura gələnə kimi nə qədər soruşublar məndən, bundan sonra da çox müzakirə olunacaq. İstəmərəm ki, bu qədər müzakirə olunsun. Mən də istəmərəm ki, buna hər dəfə cavab verim. İnanmıram ki, azarkeşlər məndən küsər, inciyər. Sırf əsl azərbaycanlı kimi qərar vermək istədim. Ona görə futbolçunu yanıma çağırdım, soruşdum ki, “top əlinə dəydi qol oldu, yoxsa özün əlinlə oynadın?”. O da dedi ki, əllə oynadım, əllə vurdum. Ədalətli qərar verməyə heç bir çətinlik yoxdu. Sərbəst qərar verdim. Sırf ədalətli, sırf əsl azərbaycanlı kimi qərar verdim. İstəmərəm ki, bu suala hər dəfə cavab verim. Bu, bura aid olan qərar idi və bunu verdim.

- Bu günə qədər “Qarabağ”a qarşı ədalətsiz qərarlar çox olub. Həmin ədalətsiz qərarlara layiqli cavab vermiş oldunuz?

- Mənim üçün hər dəfə fikir bildirmək çətindi. İnanın ki, hər zaman boynuma düşən vəzifəni layiqli yerinə yetirməyə çalışıram. Bu da elə qərar idi ki, atacağım addımı hamı gözləyirdi. Çalışdım ki, ədalətli olum. Biz heç kimin haqqına girməməyə çalışmırıq. Bizə qarşı olan ədalətsizliklərə qarşı cavab vermək ağlımda da deyildi. Belə oyunlarda gərginlik olur, heç köhnədə olanlar yada düşmürş. Görünən bu idi ki, qərarı mən verməliydim. Digər məsələlər keçmişdə qaldı. Bu gün çalışdım ki, düzgün qərar verim.

- Tarixi mövsümdə sizi razı salan nə oldu?

- Keçən ildən daha ümidli olmuşdum. Bu mövsüm avrokuboklarda ilk oyundan riskləri göz önünə alırdım. Sona kimi bundan əl çəkmədim. Daha yaxşı olmaq və gələcəyi daha stabil etmək üçün mütləq bəzi anlarda nəyisə qurban verməlisən. Futbolçularım əvvəlki illərə nisbətən daha da böyüdülər, ürəkli oldular. Bu cür rəqiblərə qaşrı bu oyunu oynamaqdan çəkinmədilər. Hər şey oyunçulara, klubumuza, mənə, rəhbərliyə, azarkeşlərimizə böyük ümid verdi. Tam razı qaldım. Bəlkə bu gün 0:3 hesabı bizi aldada bilər. Hesab 0:1 olsaydı, tamam fərqli fikir olardı. Məni də düzgün başa düşün. Bu gün nəyisə qurban verməliyik ki, sabahımız daha yaxşı olsun, bizə inam versin. Futbolçularımın xarakterindən çox razı qaldım. Biz daha yaradıcı olmaq istəyirik, yaradıcı futbol oynamaq istəyirik. Böyümək üçün mütləq yaradıcı futbolu tətbiq etmək önəmlidi. Ola bilər ki, hansısa oyunda başqa üslub seçək. Torpaqlarımız qayıdına kimi ehtiyatlanırdım. Amma bu gün tam əksinə həm özüm, həm komandam daha da ürəkli olmuşuq, tam önə baxırıq. Futbolçularımdan razı qaldım, bu mövsüm komandada nəyi görmək istəyirdimsə, onu da gördüm.

- Bu gün komanda Marseldəki oyunla müqayisədə daha zəif oynadı?

- Deməzdim ki, zəif oynadıq. 80 dəqiqə bu cür rəqibi daha çox öz meydanında saxladıq. “Marsel” Fransada fərqli oynayırdı. İlk yarıda dördlü müdafiə, 2-ci hissə beşli müdafiə ilə oynadılar. Ehtiyatlandıqları görünürdü. Müdafiə olunmağı məharətlə yerinə yetirən komanda qapısı qarşısında bu qədər epizod yaratmaq... Futbolçularımdan çox razı qaldım. 90 dəqiqə bir komanda bu cür tempdə oynaya bilməz, 0:2-dən sonra 0:3 və ya 0:4 düşüncəsi yox idi. Ona görə istədim digər futbolçular bu atmosferi hiss etsinlər. Görsünlər ki, bu tempdə oynamaq nə deməkdi. Buradakı düşündüyüm, hazırlaşdığım hücumlar daha rahat alındı, nəinki səfərdə. Başlanğıc ola bilər fərqli idi. 0:2-dən sonra müdafiəyə çəkilə bilərdim. Amma futbolçuları o psixologiyaya salmaq istəmədim ki, uduzuruq, müdafiəyə oturaq. Həqiqətən futbolçularımdan çox razı qaldım. Məşqlərdə necə hazırlaşmışdıqsa, hansı hücumları qurmuşduqsa, oyunda onları oyunda gördüm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right