Elxan Məmmədov hesabat verdi

"XXX Konfrans bu gün canlı təşkil olunması sevindirici haldır".

Newsport.az-ın məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti hesabat məruzəsində deyib.

O bildirib ki, ötən il Azərbaycan futbolu çətin dövrdən keçib: "Xoşbəxtlikdən, qısa fasilədən sonra futbolumuzu davam etdirə bildik. Bu məsələdə Nazirlər Kabineti yanında Operativ Qərargahın böyük köməyi oldu. Amma biz işimizi görməyi bacardıq".

E.Məmmədov milli komandaların nəticələrinin elə də qənaətbəxş olmadığını söyləsə də, bildirib ki, 2017-ci ilədək olan nəticələr daha çox xal toplamağın mümkünlüyünü göstərib. O, futzal millisinin Avropa çempionatında iştirakını böyük uğur adlandırıb. Baxmayaraq ki, yığma qrupdan çıxa bilməyib.

İcraçı vitse-prezident "Qarabağ"ın nailiyyətinə də toxunub: "Bu klub yenə də Azərbaycan xalqını sevindirməyi bacardı. Bu dəfə Konfrans Liqasında qrupdan çıxmağı bacaran Azərbaycan klubu 2 həftə sonra pley-off mərhələsində Fransa "Marsel"i ilə üz-üzə gələcək".

AFFA rəsmisi pandemiyanın uşaq futboluna mənfi təsirindən də danışıb: "Məktəblərdə futbol yarışları keçirmək uzun müddət mümkün olmasa da, bu, ötən həftədən bərpa olunub. Pandemiya dövründə uşaq futbolçuların sayı 20 faiz enib".

O, bölgələrə səfəri vaxtı icra hakimiyyətləri nümayəndələri ilə görüşlər keçirdiklərini söyləyib: "Bir irs yaratmağa çalışdıq. Uşaqlarla görüşdük, onlara hədiyyələr verdik. Bəzi bölgələrdə yeni meydançalar inşa olundu və ya olanları bərpa edildi. Artıq Şamaxıda da standarta uyğun futbol stadionumuz mövcuddur. Oradakı mini-futbol meydançalarında uşaq bölmələri və yerli camaat üçün iş yerləri açıldı".

E.Məmmədov Regional Liqanın oyunlarından da danışıb: "Heç kimin xətrinə dəymək istəmirəm. Regional Liqasının bəzi oyunlarında tamaşaçı sayı Premyer Liqadakı komanda sayından çoxdur".

E.Məmmədov onu da bildirib ki, "Keşlə" klubunun adı dəyişdirilərək, "Şamaxı" adlandırılıb.

Məmmədovun sözlərinə görə, artıq müvafiq müraciətlər UEFA və FIFA-ya göndərilib: "Ümidvaram ki, bu mövsümün sonunadək "Keşlə" ev oyunlarını orada keçirə biləcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right