"Aberdin"in baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunuöncəsi mətbuata danışıb.
Newsport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis ilk oyundakı məğlubiyyətə baxmayaraq cavab oyunu haqda nikbin danışıb:
“Ümidvaram ki, sabah biz xüsusi nəsə göstərə biləcəyik. Uşaqlar, bunun klub üçün nə demək olduğunu yaxşı bilir. Onlara dedim ki, “Harts” azarkeşlərinin komandaları üçün verdiyi dəstəyi düşünün. Biz də “Qarabağ”la matçda eyni dəstəyi alacağıq, hətta ondan daha yüksəyini ala bilərik. Futbolçularım həmin dəstəyi gözləyirlər. Mövsüm ərəfəsində bu cür oyunlara hazır olmaq üçün lazımı işlər görürsən. Böyük klublarda oynayanda Avropada, daha sonra həftəsonları meydana çıxırsan. Uşaqlar onları nələrin gözlədiyini bilirdi. Buna görə də fiziki cəhətdən hazırlaşıblar. Milli komandaların oyunlarına görə fasilə olacaq. “Qarabağ”la oyuna düzgün yanaşsaq, yaxşı olacaq".
Qlass, ilk oyundakı məğlubiyyəti və Tofiq Bəhramov adına Respublika stadionun qazonunu yenə də xatırlayıb: "İstənilən məğlubiyyət sizi narahat edir. “Qarabağ”la ilk oyunda, birinci hissədə istədiyimizi edə bilmədik. Hücumda top saxlaya bilmədik. Qazon da buna mane oldu. Amma mən neqativdə qalmağı üstün tutmuram. Bilirik ki, “Pittodri”də uğur qazanmaq şansımız var. Bu mənim üçün əsas faktodu. Bakıdakı matçda hava çox isti idi, meydança çox yaxşı deyildi, sadəcə oynamağa çalışırdıq.
Biz inanılmaz dərəcədə yaxşı mübarizə apardıq. Bu mənim üçün çox xoş an idi. Çünki ikinci hissədə asanlıqla oyunun ipi itirə bilərdik. Amma buna imkan vermədik və cavab oyununa ümidli çıxırıq. Meydançanın vəziyyəti biabırçılıq idi. Buna görə də futbolçumuz zədələndi. Amma biz bəhanə axtarmırıq, səbirsizliklə cavab oyununu gözləyirik. Keyfiyyətli meydanda oynayacağına görə, “Qarabağ” üçün də yaxşıdı".