"İstəmədiyim futbolçu mənim komandamda olmur" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, Qurbanov, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

Futbolçularımdan razı qaldım. Çoxlu qol imkanlarımız oldu. Meydanın hər qarışı uğrunda yaxşı mübarizə aparan bir komandaya qarşı oynadıq. İlk oyun və 1 xal. Bütün oyunlara belə motivasiya ilə çıxsaq, qarşıda yaxşı nəticələr əldə edəcəyik. Azarkeşlərin varlığı futbolçularda əlavə istək yaradırdı.

Bəhlul Mustafazadənin çıxışını necə dəyərləndirirsiz?

Penalti epizodu xırda detallardır. Bəhlulun sona qədər oynaması bizim üçün risk idi. Qısa zamandır ki, bizimlədir. Bəhlulun üstün cəhətləri var və bunları gördüm. Çatışmayan cəhətlərini aradan qaldırmağa çalışacaq. Ona böyük ümidlərim var. Ondan tələblərim çox olacaq. Getdikcə daha yaxşı olacağına ümid edirəm.

Konfrans Liqasındakı rəqibiniz “Aberdin” haqda nə düşünürsüz?

Mərhələ adlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, daha çox güc sərf etməli olacağıq. Rəqibin təcrübəli futbolçuları var. Meydanda daha çox düşünmək və güc sərf etmək lazım olacaq.

“Aberdin”in baş məşqçisi mərhələ adlamağa yaxın olduqlarını deyib. Bu, nədən irəli gəlir?

Belə açıqlamanın olması normaldır. Hər məşqçi öz komandasına fərqli tərzdə motivasiya var.

Hücumçu məsələsi nə zaman həll olunacaq?

Bu söhbət çox böyüyüb. Mən bu kluba gələndən bu haqda söhbətlər gedir. İstəyirəm ki, oyunçularımın sayı çox olsun, daha yaxşı çempionatlardan oyunçu gətirək. Ancaq çətindir. Tək hücuma deyil, bir neçə mövqe üçün axtarışlarımız davam edir. Bu mövzu haqda o qədər danışılıb ki, artıq futbolçuların da üzərində təzyiq yaranır. Mən bütün futbolçularımdan razıyam. Əlimdə olan heyətlə həm çempionluğa oynamaq, həm də Konfrans Liqasında qrup mərhələsinə qalmaq gücündəyik. Transfer pəncərəsi bağlanana qədər dəyişikliklər etməyə çalışacağıq.

- Ramil Şeydayevi yenidən komandaya qaytardınız. Onu öz istəyinizlə götürdünüz, yoxsa ortada qalmaması üçün bunu etdiniz?

- Mənim hansısa qərarıma şübhəniz var? Ramil Şeydayev Azərbaycan futbolçuları içində 3 nəfərdən biridir. Bizdə Mahir Emreli və əcnəbi hücumçular da var idi. Həmin vaxt da Ramilin 21-22 yaşı var idi. Bacarmadı deyə komandadan göndərmək fikri ilə razı deyiləm. Bizdən böyük nəticələr tələb olunur. Hər hansısa potensiallı futbolçunu inkişaf etdirmək şansımız varsa, bundan maksimum yararlanırıq. Legionerlə yerli oyunçu arasında cüzi fərq varsa, mütləq yerliyə üstünlük verirəm. Ümumilikdə 30-40 futbolçumuz var. Limiti dəyişək, ancaq legionerlər oynasın. Nə qədər gücüm, imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam. Ramildə perspektiv gördüyüm üçün onu komandaya qaytarmışıq. Elə futbolçu var ki, mövsümdə 3 dəfə meydana çıxır və istəyini həmin 3 görüşdə də həll edir. Nə qədər bacarırsamsa, öz futbolçularımızı qoruyacağam. İstəmədiyim futbolçu mənim komandamda olmur. Sadəcə, mövsümboyu bəziləri əsas heyətdə olur, bəziləri 5 oyun meydanda olur. Ramilin hər iki matçdakı iki assistinə baxın. Hər iki halda səhv etmirəmsə, Zubir vura bilmədi. Azarkeşlərimizi başa düşürəm, hörmətlə yanaşıram. Belədirsə, 11 legionerlə oynayaq. Biz "Qarabağ"ıq, Avropaya çıxanda heyətində minimum 4-5 yerli ad olmalıdır. Çox şeyi açıqlamaq istəmirəm. Bəzi məqamlarda güvənmək lazımdır.

Britaniya klublarına qarşı “Qarabağ” hər zaman fiziki oyunda uduzub. Bunu dəyişmək üçün nə edəcəksiz?

Bəli, onlar atletik futbol oynayırlar. “Aberdin” hər komandaya qarşı fərqli oyun üslubunda oynayır. Məni narahat edən budur. Hər məşqdə çalışırıq ki, rəqibin bütün sistemlərinə hazırlıqlı olaq. Standard vəziyyətlərdə təhlükəlidirlər. Qalib gəlmək üçün ən yaxşı oyunumuzu oynamalıyıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right