Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Zalsburq" klubunun baş məşqçisi Adi Hütter Avstriya çempionatının son turunda qalib gəldikləri "Rid"lə oyun (2:0) haqda danışıb.
Newsport-ın məlumatına görə, 43 yaşlı mütəxəssis Avstriya mətbuatına açıqlamasında Çempionlar Liqasında "Qarabağ"la oyunöncəsi vacib qələbə qazandıqlarını bildirib:
"Ağır və gərgin oyunda çətin qələbə qazandıq. Xüsusilə səfərdə qalib gəlmək hər zaman çətin olur. Nəticədən və komandanın çıxışından razı qaldım. Bu qələbə "Qarabağ"la oyunöncəsi çox önəmli idi".
Qeyd edək ki, "Rid" üzərində qələbədən sonra liderliyini qoruyan "Zalsburq" avqustun 6-da Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində evdə "Qarabağ"ı qəbul edəcək. Bu komandalar arasında baş tutan ilk görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.