“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Lüksenburqun “Düdelanj” klubunun qapıçısı və kapitanı Conatan Cobert müsahibə verib.
- Çempionlar Liqasında “Qarabağ”a rəqib oldunuz. Bu püşkün nəticəsini necə qiymətləndirirsən?
- Düşünürəm ki, bizə uyğun rəqib düşmədi. Çünki “Qarabağ” güclü komandadır. Ən əsası isə Azərbaycana uzun səfər bizim üçün çətin olacaq.
- Qeyd etdin ki, “Qarabağ” güclü komandadır. Azərbaycan futbolu və xüsusilə “Qarabağ” haqqında hansısa məlumatın var?
- Yox, sadəcə bilirəm ki, “Qaraba” bir neçə ildir Azərbaycan çempionatının vahid lideridir. Və bu komandaya ölkənizdə rəqabət göstərəcək klublar azdır. Baş məşqçimiz Avstriyada “Qarabağ”ın yoldaşlıq oyununu izləyəcək. Yəqin ki, həmin oyundan sonra rəqib haqda bizə məlumat verəcək.
- “Qarabağ”ın heyətindən hansı futbolçuları tanıyırsan?
- Xüsusi kimisə tanımıram. Bilirəm ki, heyətində təhlükəli və bizim üçün qarşısını almaqda çətinlik çəkəcəyimiz futbolçular var.
- Lüksenburq mediası yazır ki, “Düdelanj”ı Qafqazda təhlükə gözləyir. Bu fikirlə razısan?
- Məncə qorxulu heç nə yoxdur. Amma həqiqətən Azərbaycanda bizi çətin oyun gözləyir.
- Komandan Bakıya hansı nəticə üçün gəlir?
- Əsas məqsədimiz yaxşı oyun sərgiləməkdir. Amma Bakıya müdafə futbolu oynamaq üçün gəlmirik. Düzdü, müdafiəyə də diqqət edəcəyik. Çalışacağıq ki, bizim üçün sərfəli nəticə qazanaq.
- “Qarabağ”la oyun üçün hazırlıqlara başlamısınız?
- Bəli, ayın 20-dən hazırlıqlarımız başlayıb.
- Baş məşqçiniz yenidir. O sizinlə qarşıdan gələn “Qarabağ” matçı haqqında danışıb?
- Ötən məşqdə futbolçularla söhbət etdi. Baş məşqçimiz yeni olsa da, çox təcrübəlidir. İnanıram ki, bizi Çempionlar Liqasına yaxşı hazırlayacaq və biz də onun etimadını doğruldacağıq. O və köməkçiləri “Qarabağ”ı yaxşı analiz edib, bizə lazımi təlimatları verəcəklər.
- Ümumiyyətlə “Qarabağ” və” Düdelanj” çütlüyündən mərhələ keçmək üçün kim daha şanslıdır?
- Düzü hamı “Qarabağ”ı favorit görür. Amma bu futboldur. Hər şey ola bilər. Ona görə də bu oyunun nəticəsini qabaqcadan demək düzgün deyil.
- Yəni düşünürsən ki, Bakıdan qələbə ilə ayrıla bilərsiniz?
- Qeyd etdiyim kimi nəticə haqda demək tezdir. Onu bilirəm ki Bakıdan elə nəticə ilə qayıdacağıq ki, cavab matçında mərhələ keçmək üçün şansımız qalsın.
Ergün Seyid