"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Neçə gündür ki, buradadılar. İstər-istəməz öz yaxınlardan, əzizlərindən uzaq idilər. Bir az psixoloji yorğunluq var idi. Vacib olan üç xalı qazanmaq üçün meydanda xeyli əziyyət çəkdilər. Oyun bir az sönük görünə bilər. Amma ümumi fiziki göstəricilərə baxsaq, futbolçular xeyli güc sərf etdi. "Qəbələ" də məğlub olmaq istəmirdi. Onlara da uğurlar arzu edirəm. Bu komandaya qarşı oynamaq xoşdu. Amma 9-10 gün içərisində ardıcıl 3 dəfə oynamağın futbolçulara istər-istəməz mənfi təsiri var. Hər bir halda çalışacağıq ki, "Qəbələ" ilə kubokun cavab oyununa da komandanı yaxşı formaya gətirək ki, daha yaxşı oyun göstərsinlər".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə səfər görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Ağdam klubunun çalışdırıcısı komandasının 2:0 qələbəsilə başa çatan görüş haqda danışıb.
- Sizcə, bu gecə "Qarabağ"ın çempionluq gecəsidi?
- İnanın, bu barədə heç düşünməmişəm. Amma reallığa baxsaq, ola bilər. "Neftçi" də elə-belə məğlub olmur, sona qədər mübarizəni aparmaq istəyir. Oturub gözləyəcəyik.
- "Qarabağ"ın çempionluğuna nəsə mane ola bilər?
- Allah qorusun, bundan sonrakı məğlubiyyətlərimiz bizə mane ola bilər. Amma çalışmalıyıq ki, onları düşünmədən qarşıdakı oyunlara ciddi hazırlaşaq. Şansı rəqibi verməməyə çalışmalıyıq. Bilirsiz, hər bir halda mən həmişə ehtiyatlanıram. Bir şeyi qazanmamışamsa, "mütləq qazanmışam" deyə bilmərəm. Çünki məndən asılı olmayan məqamlar var.