Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Televiziyasının birgə layihəsi olan “Tut əlimdən” layihəsinin növbəti iştirakçıları Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Suqovuşan istiqamətində döyüşlərdə şəhid olan tank komandiri Ramil Yusifovun övladları Camal və Ramiz olublar.
Hərbi xidməti dövründə 6 medal və 11 fəxri fərmanla təltif edilən tank komandiri şəhid R. Yusifov Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial ödənişlər təyin olunub və Bakının Ramana qəsəbəsində yeni ikiotaqlı mənzil verilib.
V.Behbudovla fərqli gün keçirən şəhid övladları əvvəlcə Novxanı Atıcılıq Mərkəzində müxtəlif atıcılıq növlərindən istifadə ediblər. Məşhur bərbər Salman İsmayılovla görüş də maraqlı söhbətlərlə yadda qalıb. Bərbərlik sənəti ilə bağlı viktorinalarda iştirak edərək sualları cavablandıran uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.
Camal və Ramizin istəyi ilə onların “Qarabağ” Futbol Klubu ilə görüşü təşkil edilib. Klubun baş məşqçisi Qurban Qurbanov şəhidin övladlarına onların adları yazılmış formalar və imzalı toplar hədiyyə edib.

