"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Danimarkanın "Orhus" klubuna səfərdə 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, litvalı mütəxəssis məğlubiyyəti şərh edərkən bu fikirləri səsləndirib:
"Çətin oyun oldu. Buradakı möhtəşəm azarkeşlər səbəbindən atmosfer bizim üçün asan deyildi. 0:2 hesabı ilə geridə düşdük, sonra bir qol vurduq və məncə, heç-heçəyə layiq idik. Komandam haqqında yalnız xoş sözlər deyə bilərəm. Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm, ona görə də nəticədən məyusam. Amma onlar iki möhtəşəm zərbə ilə iki qol vurdular. Belə hallarda yalnız rəqibi təbrik etmək qalır.
Ümid edirəm ki, ev oyununda onlara belə imkanlar verməyəcəyik. Biz qolumuzu vurduq və hücum etməyə davam etdik. Daha bir qolumuz qeydə alınmadı. Həmin epizodun təkrarını görmədim, amma VAR var və mən onun qərarına hörmətlə yanaşıram. Ofsayd qərarı verilibsə, bunu qəbul etməliyik. Bir top fərqi bizə cavab oyununda nəyə qadir olduğumuzu göstərmək üçün imkan yaradır. Həmişə olduğu kimi, sakit və özümüzəinamlı qalmalıyıq. Evə qayıdacağıq, cavab görüşünə hazırlaşacağıq və daha yaxşı oyun göstərməyə çalışacağıq".
Baş məşqçi klubun tərəfdarlarına da müraciət edib: "Əziz "Sabah" azarkeşləri, gəlin cavab oyununda Danimarkadakından da möhtəşəm atmosfer yaradaq. Sizin dəstəyiniz, ehtirasınız və inamınızla uğur qazana bilərik. Qolları komanda vurur, amma mən inanıram ki, siz bizə növbəti mərhələyə yüksəlmək üçün əlavə güc verəcəksiniz. Gəlin stadionu dolduraq və komandamıza güclü dəstək olaq. Azərbaycanda azarkeş mədəniyyəti Avropadakı, o cümlədən Danimarkadakı kimi yüksək səviyyədə ola bilər".