"Dinamo" (Kiyev, Ukrayna) klubu azarkeşlərin tənqidindən narazılıq etmək əvəzinə, "Qarabağ"la oyunda maksimum motivasiya nümayiş etdirməlidir.
Newsport.az xəbər verir ki, bunu Kiyev təmsilçisinin və Ukrayna millisinin sabiq futbolçusu Artyom Milevski ölkəsinin mətbuatına açıqlamasında bildirib.
O, "Dinamo"nun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ağdam təmsilçisinə qarşı matçda toparlanmalı olduğunu söyləyib:
"Komanda hücum xəttindəki problemləri aradan qaldırmalıdır. Bundan əlavə, futbolçularımız müdafiədə yol verdikləri səhvləri də minimuma endirməlidirlər. "Qarabağ"a qol şansı yaratmamalıdırlar. Məhz bu səhvlər "Dinamo"nun Avropa Liqasından kənarda qalmasının əsas səbəblərindən biri oldu. Mən nəhayət, meydanda əsl "Dinamo"nu görmək istəyirəm. Necə oynamaq istədiyini bilən, məqsədyönlü bir komanda. Bu, heç Çempionlar Liqası oyunu da deyil. Üstəlik, "Levıy Bereq" komandası ilə oyun da təxirə salınıb, buna görə də ağır fiziki yüklənmədən danışmağa dəyməz".
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.