“Ərzurumspor” Nəriman Axundzadənin transferi öncəsi “Qarabağ”dan məlumat alıb Türkiyə klubunun idman direktoru açıqladı

“Transferdən öncə "Qarabağ”ın idman direktoru Asif Əsgərlidən Nəriman Axundzadə haqqında məlumat aldıq. Onu meydanda izləyirdik, amma meydandan kənardakı davranışını, nizam-intizamını və futbola münasibəti barədə də informasiya əldə etdik. Transfer qərarını isə son oyunlarına deyil, potensialına əsasən verdik”.

Newsport.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Türkiyənin “Ərzurumspor” klubunun idman direktoru Muzaffer Bilazer Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferindən danışarkən deyib.

O, N.Axunzadənin avqustun 7-da komandanın düşərgəsinə qoşulacağını söyləyib.

Superliqa təmsilçisinin rəsmisi 23 yaşlı hücumçunun ABŞ-nin “Kolumbus Kru” klubundan transferinin detallarını bölüşüb:

“Təxminən 20 gün əvvəl bir menecer Nəriman Axundzadəni bizə tövsiyə etdi. Bundan sonra skaut və məşqçi heyətimiz onun oyunlarını izləməyə başladı və ilkin müsbət rəy formalaşdı. Ardınca əvvəlki matçlarını da təhlil etdik, “Qarabağ”dakı çıxışlarını diqqətlə izlədik. ABŞ-də keçirdiyi son oyunları da analiz etdik. Gənc olması seçimimizdə mühüm rol oynadı. Üstəlik, liqamızın xarici futbolçularla bağlı yaş kriteriyasına uyğun gəlməsi də bizim üçün üstünlük idi. Nəriman həm cinahda, həm də hücumun mərkəzində oynaya bilir. Təxminən 20 günlük analizdən sonra digər namizədlərlə müqayisədə onun üzərində qərarlaşdıq. Daha sonra onunla videobağlantı vasitəsilə danışdıq. Azərbaycanlı olması da seçimimizdə rol oynadı. Ərzurum həm mədəni, həm də coğrafi baxımdan Azərbaycana yaxındır. Naxçıvan buradan cəmi 2-3 saatlıq məsafədə yerləşir. Buna görə də şəhərə uyğunlaşmasının çətin olmayacağını düşündük. Hazır vəziyyətdə olan futbolçu olduğu üçün transferini reallaşdırdıq”.

Bilazer bildirib ki, Axundzadənin ABŞ-dəki uğursuz dönəmi qərarlarına təsir etməyib:

“Nəriman üçün ABŞ mərhələsi yaxşı keçmədi. Meneceri ilə söhbət zamanı da bu yaşda Azərbaycandan Amerikaya getmək və oraya uyğunlaşmağın onun üçün asan olmadığı barədə danışdıq. Həm az oyun şansı qazandı, həm də milli komandaya gedib-gəlməsi müəyyən çətinliklər yaratdı. Buna görə də ABŞ-dəki çıxışını əsas meyar kimi götürmədik. Daha çox Ağdam klubundakı performansına diqqət yetirdik. Hesab edirik ki, “Qarabağ” onun inkişafı üçün doğru klub idi, “Kolumbus Kru” isə uyğun seçim olmadı. Düşünürük ki, “Ərzurumspor”da onun “Qarabağ”dakı performansını yenidən göstərəcək".

İdman direktoru qeyd edib ki, baş məşqçinin oyun fəlsəfəsi də bu transferdə mühüm rol oynayıb:

“Baş məşqçimiz həm cinahda, həm də mərkəz hücumçusu kimi çıxış edə bilən futbolçu istəyirdi. Top ayağına gələndə sağ cinahda sol ayağından istifadə etməsi də onun bəyəndiyi xüsusiyyətlərdəndir. Çünki məşqçimiz solda sağ ayaqlı, sağda isə sol ayaqlı oyunçulara üstünlük verir. Nəriman gənc, dinamik, universal və yaxşı bitiriciliyə malik futbolçudur. Bununla yanaşı, hələ də potensialını tam ortaya qoya bilməyib. Yaşına görə bunu reallaşdıra biləcəyi mühitə ehtiyacı var. Dil və mədəniyyət baxımından Azərbaycana yaxın mühit də bu transfer qərarında mühüm rol oynadı”.

Bilazerin sözlərinə görə, Axundzadə rəqabətdə üstünlük qazanacağı halda əsas heyətdə də yer ala bilər:

“Nəriman hazır futbolçudur. Çünki ABŞ çempionatı davam edirdi və oyun praktikasını itirməyib. Komandaya qoşulduqdan sonra mövqeyindəki rəqibləri ilə mübarizədə üstün olarsa, ilk "11-lik"də yer alacaq. Türkiyə Superliqası çox çətin çempionatdır və burada güclü futbolçular çıxış edir. Nəriman bu rəqabətdən qalib ayrılarsa, əsas heyətdə oynamaq şansı qazanacaq”.

Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevralında “Qarabağ”dan ABŞ-nin “Kolumbus Kru” klubuna transfer olunmuşdu. O, MLS təmsilçisinin heyətində heç nə ilə yadda qalmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right