Qurban Qurbanov Norveçin indiki baş məşqçisini məğlub edib tarix yazmışdı!

Vikinqlər dünya çempionatında coşub! Komanda 28 ildən sonra yenidən qatıldığı mundialda tarixinin ən yüksək nəticəni göstərərək 1/4 finala qədər gələ bilib. Skandinaviyanın bu təmsilçisi DÇ-2026-ya qatılan 48 komanda arasında ən rəğbət doğuranlardandır. Bu dəfə KOMANDA sözünü ayrıca böyük hərflərlə yazıb fərqləndirməyə zərurət duyuram. Çünki Norveç millisi təkcə üzdən canavara bənzəyən Erlinq Haalandan ibarət deyil. Bəli, ruhuyla, cüssəsi ilə, 194 sm-lik boyu ilə, əzmkarlığı və döyüşkənliyi, cəsur siması ilə bizi xəyalən də olsa 8-10-cu əsrlərə də aparır bu norveçli balası. Dünyaya təkcə futbolçu yox, həm də əcdadlarına xas olan əsl vikinqəm mesajını verir… İndiki mundialda 5 oyuna 7 qol vuraraq (!) Messi, Mbappe ilə bombardirlər siyahısının önündə birgə addımlayır. Amma Haaland komanda adlı o əsərin sadəcə qəhrəmanlarından biridir, lideridir, müəllifi isə deyil. Müəllif dəmir iradəli adamdır! Stale Solbakkendir! O, 2001-ci ildə 33 yaşındaykən hələ futbolçu idi. Danimarkanın “Kopenhagen” komandasının futbolçusu kimi məşq edən zaman ürəyi dayanmış, günlərlə komada qalmışdı. Amma bir möcuzə nəticəsində həyata qayıtmağı da bacarmışdı. O vaxtdan ürəyinə tibbdə kardioverter-defibrilyator (ICD) adlanan aparat yerləşdirilib. Hər günü, hər oyunu məhz bu cihazın köməyi ilə keçir. İndi Solbakkenin 58 yaşı var. 6 il əvvəl, 2020-ci ildən Norveç millisinin baş məşqçi təyin edilib. Amma üç seçmə mərhələdə başlanğıc uğursuz olub: 2 dəfə Avropa çempionatı, bir dəfə isə dünya çempionatının final mərhələsinə düşmək cəhdi alınmayıb. Hər dəfə isə o ciddi tənqid edilirdi. Lakin Solbakkenə ən böyük dəstək verən ölkə futbol federasiyasının qadın prezidenti Lise Klavess olub. O, son Avropa çempionatının seçmə mərhələsindəki uğursuzluqdan sonra belə də demişdi: “Növbəti mundiala düşməsək, özüm də onunla bərabər istefa verəcəm”. Buna zərurət qalmadığına biz dünən şahid olduq. Solbakkenin altı ilə təzədən söküb-yığdığı bu komanda indi rəsmən dünyanın 8 ən güclü KOMANDAsından biridir. Dünya çempionatının 1/4 finalındadır. Özü də Ançelottinin baş məqçisi olduğu Braziliyaya qalib gəlməklə! Beşqat dünya çempionuna! ** 2017-ci ilin avqustu, Bakı, "Qarabağ"la oyundan bir gün əvvəl Stale Solbakken indi okeanın o tayında tarix yazsa da, bir dəfə bizim Azərbaycana da səfər edib. 2017-ci ildə bu dəfə oyunçusu deyil, baş məşqçisi olduğu “Kopenhagen”lə. “Tofiq Bəhramov” adına stadionda bizim Qurban Qurbanovun “Qarabağ”ı Solbakkenin “Kopenhagen”inə 1:0 hesabı ilə qalib gəlmişdi. Mahir Emreli vurmuşdu qələbə qolunu. Cavab oyununda Ağdam təmsilçisi uduzsa da (1:2), o vaxt qüvvədə olan səfər qolu qaydası sayəsində futbol tariximizdə ilk dəfə Çempionlar Liqasının qrupuna düşmüşdü. Mahir Emreli "Kopenhagen"ə qələbə qolu vurur Bu böyük uğurdan bir il sonra “Qurban Qurbanovla 6 illik müqavilə bağlayıb” deməklə Azərbaycan millisinə baş məşqçi təyin etdilər. Amma heç bir ili tamamlanmamış istefaya göndərmişdilər. Beləliklə, Qurban Qurbanov öz əsl KOMANDAsını sonradan da Azərbaycan millisi ilə yox, “Qarabağ”la yarada bildi. Millidə 6 il işləməyə şans qazanan Stale Solbakken isə Norveç millisi ilə… Aydın Bağırov



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right