UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Sabah" UELS klubu TNS ilə qarşılaşacaq.
Newsport.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşüb:
"İlk növbədə, hamını yeni mövsümün başlanması münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bu mövsüm bizim üçün ötən mövsüm kimi uğurlu olacaq. Üzərimizdə böyük məsuliyyət var, çünki Azərbaycanı Çempionlar Liqasında təmsil edəcəyik. Ümid edirəm ki, bu, bizdə uğurlu alınacaq. Sabahkı oyunu böyük həyəcanla gözləyirik. Avstriyada iki həftəlik hazırlıq keçdik və hesab edirəm ki, matça tam hazırıq. Sabah ən yaxşı oyunumuzu nümayiş etdirəcəyik".
- Mövsüm öncəsi toplanışdakı yoldaşlıq oyunlarında "Sabah"ın çıxışından razı qaldınızmı?
- Hesab edirəm ki, Avstriyada çox güclü rəqiblərə qarşı oynayaraq çox yaxşı toplanış keçdik. Bu günə qədər 21 məşq etmişik, lakin mən istərdim ki, onların sayı 25-26 olsun. Amma bütövlükdə düşünürəm ki, futbolçularımız yaxşı formadadırlar. Düzdür, komandaya yeni qoşulan və adaptasiyaya ehtiyacı olan oyunçularımız da var. Biz toplanışda məhz buna nail olmağa çalışırdıq. Keçən mövsümün eyni dövrü ilə hazırkı vəziyyətimizi müqayisə etsək, düşünürəm ki, klub olaraq bir addım irəli atmışıq. Bu dəfə daha yaxşı hazırlaşmışıq.
- Rəqib barədə nə deyə bilərsiniz?
- Hazırda detallara toxunmaq istəməzdim. Bütün lazımi məlumatları futbolçularıma çatdırmışam. TNS çox təcrübəli komandadır, heyətində uzun müddətdir birlikdə çıxış edən futbolçular var. Ötən mövsüm daxili çempionatda ən yaxın izləyicilərini demək olar ki, 20 xal qabaqladılar. Hər oyuna qələbə üçün çıxırlar. Əgər onlara kiçik bir şans versəniz, bundan dərhal istifadə edəcəklər. Buna görə də ilk növbədə öz oyunumuz barədə düşünməliyik.
Qeyd edək ki, qarşılaşma iyulun 7-də saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.