"Zirə" yoxlama matçında "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.
Newsport.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
"Bu oyuna qədər hazırlaşmaq üçün az vaxtımız var idi. Buna baxmayaraq futbolçularımız yüksək peşəkarlıq və əzmkarlıq göstərdilər. Düşünürəm ki, iki 30, bir 45 dəqiqəlik hissədən ibarət səmərəli oyun alındı. Hər bir futbolçu istədiyimiz yükləməni aldı".
- "Torpedo" klubu ilə matç üçün təhlilə başlamısınızmı?
- Təbii olaraq başlamışıq. 17-si oyunları var idi. Ayın 22-si də matçları olacaq. Bizimlə oyuna qədər oyun praktikası baxımından bizdən daha hazır olacaqlar. Düşünürəm ki, maraqlı oyun olacaq. İlk oyundan danışsaq, həmin matçda kim özünü daha yaxşı cəhətdən göstərə bilsə, uğur qazanmağa daha yaxın olacaq. Avrokuboklarda son 2-3 ildə stabil oynayan komandadır. Biz "Omoniya"ya məğlub olduqdan 1 mövsüm əvvəl də "Torpedo" onlara uduzmuşdu. Onları o vaxtdan da tanıyıram. Hər iki oyun da gərgin keçəcək.
- Ayron Qomislə Tyaqo Silvanın gedişində maddi amillər rol oynadı?
- Hər iki futbolçuya qarşı böyük simpatiyam var idi. Onlara uğurlar arzulayıram. Müəyyən danışıqlarımız oldu, amma komandada qalmaq istəmədilər. Yeni transfer barədə planlarımız var.
- "Turan Tovuz"un avrokuboklardan uzaq qalmasında sizə olan təzyiqlər barədə düşüncələriniz?
- Başqa cür yanaşsaq, bizim də bəzi məqamlara etirazımız ola bilər. Biz daha əvvəl də bu cür durumun olmaq ehtimalını öyrənə bilərdik. Çempionatda daha rahat oynaya bilərdik son məqamlarda. Lakin məsələnin bu yerə gələcəyini bilmirdik. Təbii ki, "Turan Tovuz" adına mən çox üzüldüm. İllər sonra avrokuboklara vəsiqə qazanmaqları hər bir azərbaycanlı kimi məni də qürurlandırmışdı. Amma neyləmək olar? Bu qərar illər əvvəl alınıb. Bu məsələdə "Zirə"ni və digər hər hansı klubu günahlandırmaq olmaz. Burada bizim heç bir günahımız yoxdur.
- Hansı mövqelərə transferlər gözlənilir?
- 7-8 transfer olacaq. Amma rəhbərliklə də belə bir danışığımız olub ki, avrokubok matçına qədər tələsik qərar da vermək istəmirik. Tək "Torpedo" ilə matçı düşünüb transfer etmək də düzgün deyil. Növbəti mövsüm bizi güclü rəqabət gözləyir. Bunu da düşünmək lazımdır.
- Komandadan yenə ayrılanlar olacaqmı?
- Belə bir müzakirələr var. 2-3 futbolçunun da ayrılmaq ehtimalı var. Həmin qərar da onların öz istəyi ilə bağlıdır. Bu məsələyə avrokubok matçlarından sonra baxılacaq.
- Qardaş ölkə kimi Türkiyənin DÇ-2026-ya vida etməsi ilə bağlı düşüncələriniz?
- Təbii ki, məyus olduq. Uğur qazanmaqlarını istəyərdik. Lakin olmadı. Özbəkistanın da orada olması bizi qürurlandırır.