"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının pley-off matçında “Mingəçevir” üzərində komandasının 2:0 hesablı qələbə qazanması haqda danışıb.
Newsport.az xəbər verir ki, gürcü məşqçi "Qəbələ"nin qalibiyyətini şərh edib:
"Azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Bu qələbə vacib idi. Yaxşı oyun oynadığımıza və qalib gəldiyimizə çox şadam. Bu qədər şansımız olsa da, kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam. Bu oyunda çox çalışdıq. Güclü məşqçi ilə qarşılaşdıq - bu, onların üstünlüyü idi. Amma daha güclü idik və layiqincə qalib gəldik”.
- Bu, "Qəbələ"nin baş məşqçisi kimi son oyununuz idi?
- Hazırda müqaviləm var. Başqa suallarınız varsa, kluba ünvanlaya bilərsiniz.
– Ramiz Məmmədov bildirdi ki, baş hakim Tural Qurbanov oyunu yaxşı idarə edə bilmədi. O, məğlubiyyətə səbəb bunu görürdü. Siz necə düşünürsünüz?
– Elə düşünmürəm, böyük hesablı qələbə qazanmalıydıq. Rəqibin demək olar ki, bir qol imkanı da olmadı.
– Komandada qalacağınız halda, heyətdə hansı dəyişiklikləri etməyi düşünürsünüz?
– Düzü, çox yorğunam. Sabah ölkəmə qayıtmağı düşünürəm. Qayıtdıqdan sonra bir çox məsələləri müzakirə edəcəyik. Gələcəklə bağlı danışmaq üçün hələ tezdir.
– Milliyə cəlb olunan Rza Cəfərov bu gün nə üçün meydanda yox idi?
– Belə qərar verdik. Rza ilə danışdım və o, mövsümün ortasında bizə gəldi. Yarım il oynamamışdı və praktikaya ehtiyac var idi. Qərara gəldik ki, son matçlarda daha təcrübəli Səlahət Ağayevə şans verək. Məncə, yanılmadıq.
– “Qəbələ” göstərdiyi oyuna görə 12 komanda arasında 11-ci olmamalı idi. Üstəlik, sizin məşqçilik bacarığınıza da şübhə yoxdur. Bəs problem nədə idi?
– Problem ondadır ki, qeyri-sabitlik yaşandı. İndi sakit şəkildə bunları təhlil etməliyəm. Klubun prezidenti ilə danışanda da bildirdim ki, səhvləri analiz etməliyik.