Ayxan Abbasov: "AFFA ilə müqaviləm ilin sonuna qədərdir"

Azərbaycan milli komandası “FIFA Series-2026” yoldaşlıq turnirində sabah Syerra Leone millisi ilə qarşılaşacaq.

Newsport.az xəbər verir ki, millinin baş məşqçisi Ayxan Abbasov matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Turnirdə ikinci oyunumuza çıxırıq. Rəqibin isə birinci oyunudur. Bu baxımdan onların bir az üstünlükləri var. Amma oyun evimizdədir və azarkeşlərimizin dəstəyi ilə qələbə qazanmağa çalışacağıq. Syerra Leone yığması Sent Lüsiyadan daha güclüdür. Reytinqdə də bizdən üstündürlər. İnanıram ki, komandamız bu oyunda daha istəkli olacaq. Millətlər Liqasına qədər bir toplanışımız qalıb. Hazır olmağa çalışacağıq.

– İlk oyunda yağışın yağması meydançaya təsir göstərib. Bu sizi narahat edir?
– Həmin oyunda hava və meydança ağır idi. Lakin rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımından çətin oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. İkinci hissədə meydana girənlər də tempi yüksək tutdu, çox fərq hiss olunmadı.

– Canni De Byazinin belə bir uğur gətirən inancı (totemi) var idi: qələbələrdən sonra mətbuat konfransına Emin Mahmudovla gəlirdi. Siz niyə belə etmədiniz?
– Millidə olandan bu yana, istəyirəm ki, bütün futbolçular bu məsuliyyəti dərk etsinlər. Onların sizin qarşınıza çıxması və danışması vacibdir. Bizim xüsusi inancımız yoxdur, istəyirik ki, hər kəs mətbuat önünə çıxsın.

– Syerre-Leona millisi haqda çox şey bilmirik. Bu komanda hansı üslubda oynayır, kimdən çəkinmək lazımdır, bilmirik. Onları təhlil edə bilmisiniz?
– Səhv etmirəmsə, ilk dəfədir millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqdə bizdən üstün ola bilər. Onlar da xalları elə-belə qazanmayıb. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla oynayırlar, texnikalıdırlar.

– Sent Lüsiya ilə matçda ehtiyatdan oyuna qoşulanlardan sabah kimlərə şans verəcəksiniz? Rotasiyaların sayı  çox olacaq?
– Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Bura ən yaxşılar gəlir. Rəqiblərə görə seçimlər edəcəyik.

– Köməkçilərinizi Millətlər Liqasındakı rəqiblərdən Litva və ya Lixtenşteynin görüşlərinə göndərmisiniz?
– Yay toplanışında rəqiblərimizi yaxından izləmək planımız var. Köməkçilərimiz də orada ola bilər, özümüz də. İndiki yoldaşlıq görüşlərini yaxından izləyirik. Lixtenxşteyn Tanzaniyaya qalib gəldi. Litva Gürcüstanla oynayırdı. Yaxşı, mübariz komandadır. Bizim onlardan böyük üstünlüyümüz yoxdur. Futbolçuların milliyə yaxşı formada gəlməsi vacibdir.

– Sabah bərabərlik qeydə alınarsa, bunu uğurlu hesab etmək olar?
– Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçəcəklər. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FIFA-dır. Rəqibləri biz seçmirik. Hər rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk oyunda istədiyimiz o idi ki, futbolçular oyuna düzgün yanaşsınlar.

– Qələbə sizin özünüz üçün nə qədər vacibdir?
– Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika yaransın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Bu il imkan var ki, ən yaxşı ilimiz olsun.

– Bir dəfə demişdiniz ki, müqaviləniz U-21-də fəaliyyətinizə əsasən davam edir. AFFA bu haqda ətraflı açıqlama verməyib. Millətlər Liqasındakı nəticələr millidəki fəaliyyətinizə təsir göstərəcək? Həm də “Şamaxı”nın baş məşqçi axtarışına çıxdığı xəbərlər dolaşır…
– Klubla müqaviləm yaya kimidir. Milli ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzkairə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Qərarlar veriləcək.

– Milli komanda bir müddət özünə bərabər rəqiblərlə qüvvəsini sınayacaq. Daha sonra Avropa çempionatının seçmə mərhələsində güclü komandalarla oynayarkən çətinlik çəkməyəcəksiniz ki? 
– Yox. Məncə, problem olmaz. Ağır oyunlar keçmişik. Fransa ilə iki ağır oyun oynamaq iki illik stressə bəs edir (gülür). Kənardan asan görünə bilər. Futbolçular da çox əziyyət çəkdilər. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. San-Marino və Malta ilə oyunlarımız olacaq. Bunlar zəif rəqiblər deyil. Üstəlik, rəqib seçimi yalnız bizdən asılı deyil, qarşı tərəfin də razılığı mütləqdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right