Bu gün Çempionlar Liqasında və Avropa Liqasında püşk atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə pley-off mərhələsində üz-üzə gələn cütlüklər müəyyənləşəcək.
Newsport.az xəbər verir ki, ÇL-in Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatmasında “Qarabağ”ın rəqibi də dəqiqləşəcək. Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alacaq. Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan “Monako” və Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. “Qarabağ”ın potensial rəqibləri turnirin son qalibi PSJ və “Nyukasl”dır. Yəni, Qurban Qurbanovun komandası pley-offda ya Fransa təmsilçisi ilə, ya da İngiltərə klubu ilə üz-üzə gələcək.
Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 və 24/25 fevralda oynanılacaq. “Qarabağ” – PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran “Barselona” və ya 6-cı yerin sahibi “Çelsi” ilə qarşılaşacaq.
Avropa Liqasında püşkatma saat 16:00-da start götürəcək. Reqlamentə əsasən, burada da ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar pley-offda oynayır, 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarla vidalaşır.