Mmae “Qarabağ”a gələndə Zubirlə məsləhətləşib: “Burada olmaqdan məmnunam”

“Burada atmosfer çox yüksəkdir. Komandadakı hər kəs məni səmimiyyətlə qarşıladı. Yeni gələn futbolçulara uyğunlaşmaqda yardımçı olmaq üçün hamı əlindən gələni edir. Bu səbəbdən də komandaya adaptasiyam qısa müddətdə baş tutdu”. Bu sözləri Newsport.az saytına açıqlamasında “Qarabağ”ın yeni transferi Sami Mmae deyib.

Yeni komandası barədə fikirlərini bölüşən Mərakeş əsilli belçikalı “Qarabağ”a keçidində tanıdığı bəzi futbolçuların da rolunun olduğunu bildirib: “Kadi Borges və Abdullah Zubir ilə daha əvvəl tanış idim. Zubirlə söhbətimiz zamanı mənə dedi ki, “Qarabağ” çox güclü və iddialı komandadır. Klubun böyük hədəfləri var və uğur qazanmasının əsas səbəbi də budur. Düşünürəm ki, bu qərarım tamamilə doğru idi. Belə bir klubun heyətində olmaqdan məmnunam. Zaqreb “Dinamo”sunun formasını geyinərkən “Qarabağ”a qarşı oynamışdım və o vaxt da bu komandanın keyfiyyətli futbol sərgilədiyini, heyətində səviyyəli oyunçuların olduğunu görmüşdüm”.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” üzərində qazandıqları 4:0 hesablı qələbəni də dəyərləndirən Mmae bu fikirləri səsləndirib: “Matç boyunca oyuna nəzarət edən tərəf biz idik. Topa daha çox sahib olduq və ümumilikdə üstün tərəf kimi göründük. Düzdür, daha da yaxşı çıxış edə bilərdik. İlk qoldan sonra işimiz bir qədər asanlaşdı, çünki top əsasən bizim nəzarətimizdə idi. Hesab daha böyük ola bilərdi, lakin yalnız bir dəfə fərqləndik. Nəticə etibarilə cəmi 1 top vursaq da, ümumilikdə 4:0 hesabı ilə mərhələ adladıq. İndi diqqətimiz “Şkendiya” ilə qarşıdakı oyundadır. Rəqibə hörmətlə yanaşırıq. Asan komanda yoxdur, amma əminəm ki, uğur qazanaraq azarkeşlərimizi bir daha sevindirəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right