"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə təmsilçisi ilə yenidən Çempionlar Liqasını qazanmaq istəyir.
Newsport.az xəbər verir ki, misirli futbolçu bununla bağlı klubun saytına açıqlamasında deyib: “Çempionlar Liqasını qazandıqdan sonra keçirdiyim hissləri yenidən yaşamaq istəyirəm. Bu, inanılmaz idi. Ona görə də düşünürəm ki, “Liverpul”la bu turniri yenidən qazanmalıyam. Avtobusla şəhəri gəzdik və bu, təsvirolunmaz hiss idi.
İngiltərə Premyer Liqası isə bir az fərqli idi, çünki koronavirus pandemiyası səbəbindən titulu azarkeşlərlə qeyd edə bilmədik. Amma mən Çempionlar Liqasını və İngiltərə Premyer Liqasını yenidən qazanmaq istəyirəm. Bu, mənim "Liverpul"dakı məqsədimdir”.
Qeyd edək ki, "Liverpul" sabah Çempionlar Liqasının ilk yarımfinalında doğma meydanda "Vilyarreal"la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.