Futbolçu karyerası hərdən nərdivanı xatırladır. Bəziləri aram-aram addımlayaraq, çətinlikləri dəf edərək yüksəklərə qalxır. Bəziləri isə həyatın onlara bəxş etdiyi şansın hesabına birdən birə sonuncu pilləyə yüksəlirlər. Bir qismi isə yüksəkliyə qalxmaqla aşağı yuvarlanacaqlarından xəbərləri olmur. Belə futbolçularla həyatda tez-tez rastlaşırıq. Şan-şöhrət qazananlardan hansının “ulduz"unun tez sönəcəyi onların verdikləri qərarlardan çox asılıdır. Bu sayımızda dünya futbolunda “nəhəng" klublara keçməklə karyeralarını məhv etmiş 5 futbolçu haqqında məlumat verəcəyik. Daha 8-i ilə tanışlıq isə gələn sayımızda olacaq.
2006-cı ilin yazında Andrey Şevçenko karyerasının pik nöqtəsində idi. Ukraynalı futbolçu “Milan"da keçirdiyi 7 mövsum ərzində 124 qol vurmuşdu, 2 dəfə A Seriyasının bombardiri olmuşdu. İtaliya klubu ilə 2003-cü ildə Çempionlar Liqası Kubokunu qazanan hücumçu 2004-cü ildə Avropanın ən yaxşısı seçilərək “Qızıl top"a layiq görülmüşdü. “Milan" azarkeşlərinin sevimlisi olan “Şeva" “şan-şöhrət dənizi"ndə itib-batırdı. Bircə, Roman Abramoviçin pullarına şirniklənməsəydi...
2006-cı ilin yayında “Çelsi"yə keçməklə Andrey karyerasında ən böyük səhvi etdi. Onun oyun üslubu “Çelsi" və Britaniya futboluna yad idi. Hətta London klubunun baş məşqçisi Joze Mourinyo dəfələrlə Şevçenko soyadlı futbolçunun ona lazım olmadığını bildirmişdi.
“Çelsi"in heyətində “Liverpul"la ilk rəsmi oyununda fərqlənməsinə baxmayaraq, uğurlu start sona kimi davam etmədi. Yeni klubunda yad adam təsiri bağışlayın Andrey ilk mövsümündə cəmi 22 oyunda meydana çıxmağa imkan tapdı. Vaxtının çoxunu zədələrini sağaltmaqla məşğul olan hücumçu hətta formada olanda belə əsas heyətdə nadir hallarda göründü. 3 mövsümü boş verəndən sonra o, yenidən “Milan"a qayıtdı. Bu dəfə icarə əsasında. Amma əvvəlki “Şeva"dan əsər-əlamət qalmamışdı. Daha çox ehtiyat oyunçular skamyasında gün keçirən futbolçu nəhayət, 2009-cu ildə səhvini düzəltdi və doğma klubu “Dinamo"ya (Kiyev) qayıtdı. Amma artıq gec idi. “Dinamo"da 3 mövsüm oynadıqdan və 2012-ci ildə keçirilən Avropa çempionatında iştirakdan sonra karyerasını başa vurdu.
Xuan Sebastyan Veron
(“Latsio"dan
“Mançester Yunayted"ə)
Bir neçə il əvvəl İngiltərədə nəşr olunan qəzetlərdən biri ən uğursuz transferlərlə bağlı azarkeşlər arasında sorğu aparmışdı. Nəticələrə əsasən birinci yerdə “Milan"ı “Çelsi"yə dəyişən Şevçenko qərarlaşmışdı. İkinci yerin sahibi isə Xuan Sebastyan Veron idi. Özü də 2 keçid ilə - “Latsio"dan “Mançester Yunayted"ə, oradan isə “Çelsi"yə. Onlardan hansının daha uğursuz olduğunu demək çətindir.
Veron İngiltərəyə “Latsio"da ad-san qoyub gəlmişdi. O, İtaliya klubunun döyünən ürəyi, müdafiənin şahı, meydanın ağası, hucümların qurucusu hesab olunurdu. Ümumiyyətlə, onun İtaliyadakı karyerası əla alınmışdı. 1999-cu ildə “Parma" ilə UEFA Kubokunu götürməsi, “Latsio" ilə skudettonu və İtaliya Kubokunu qazanması dediklərimizə sübutdur. Bundan başqa sərgilədiyi oyunla Argentina millisinin liderinə çevrilmişdi. Demək olar ki, yığmanın bütün oyunlarında əsas heyətdə meydana çıxırdı. “Mançester Yunayted"ə keçidi onun karyerasında enişə səbəb oldu. İlk mövsüm Veron üçün biabırçı keçdi. Növbəti mövsüm işlər qaydasına düşdüyü vaxt gözlənilmədən “Çelsi"yə üz tutdu. London klubunun heyətində cəmi 7 oyunda meydana çıxan Veron iki dəfə icarəyə verildi. Əvvəl “Milan"a, sonra isə “Estudiantes"ə. Doğma klubunda bir qədər özünə gələn Xuan daha sonra “Estudiantes"lə müqavilə bağladı və hətta Maradona tərəfindən yenidən Argentina millisinə dəvət aldı. Gəl ki, 2010-cu ildəki dünya çempionatında nə o, nə Maradona, nə də komanda yoldaşları yaxşı nə iləsə yadda qalmadılar.
Adrian Mutu
(“Parma"dan “Çelsi"yə)
Rumıniyalı azarkeşlər onu “brilyant" adlandırırdılar. Mutu 2002/03-cü illər mövsümündə “Parma"nın heyətində İtaliya birinciliyində müdafiəçilər üçün kabusa çevrilmişdi. İstedadlı futbolçu Roman Abramoviçin diqqətini cəlb etdiyindən, rusiyalı iş adamı onu komandasına dəvət eləmək qərarına gəldi. 15 milyon avro qarşılığında London klubuna keçən hücumçu illər sonra verdiyi qərardan peşmanlıq duyacaqdı. Amma yeni klubunda hər şey onun üçün əla başlamışdı. 3 oyunda 4 qol vuran Adrian uğurun davamını gətirə bilmədi. Tədricən formadan düşən və nadir hallarda fərqlənən futbolçu günahı özündə axtarmaq əvəzinə Joze Mourinyo ilə mübahisə etməkdən çəkinmədi. Bir qədər sonra isə onunla bağlı əməlli-başlı qalmaqal ortaya çıxdı. Belə ki, Adrianın kokain istifadəçisi olduğu üzə çıxdı. 7 ay diskvalifikasiya olunan Mutu “Çelsi"yə lazım deyildi. Narkomanı heç bir kluba sata bilməyəcəyini anlayan “Çelsi" rəhbərliyi məhkəmə yolu ilə ondan 13 milyon avro təzminat tələb etdi.
Mutunun yeni klubu “Yuventus" idi. Amma rumın futbolçu Turin klubuna heç cür uyğunlaşa bilmədi. Çoxlarının Mutunun karyerasının məhv olduğunu düşündükləri vaxt “Parma"da onun məşqçisi olmuş təcrübəli mütəxəssis Çezare Prandelli peyda oldu. Məhz onun dəvəti ilə “Fiorentina"ya keçən Mutu 2006/07-ci illər mövsümündə sərgilədiyi futbolla həmin mövsüm A Seriyasının ən yaxşı futbolçusu seçildi və hələ heç nəyin bitmədiyini sübut etdi. 2010-cu ildə o, daha bir qalmaqalın iştirakçısına çevrildi. “Bari" ilə oyundan sonra onun qanından analiz götürüldü və qadağan olunmuş sibutramin aşkarlandı. Mutu 10 ay “istirahət"ə göndərildi. Cəza müddəti başa çatdıqdan sonra isə “Çezena" ilə müqavilə bağladı.
Mutunun qanında istifadəsi qadağan olunmuş maddənin tapılmasında onun bəlkə də günahı yox idi. Deyilənlərə görə, bu işdə əsas günahkarlar “Fiorentina"nın həkimləri idi. Amma ən böyük səhv elə Adrianın özündə idi. Pul dalınca “Çelsi"yə qaçmasaydı...
Aleksandr Qleb
(“Arsenal"dan “Barselona"ya)
Belaruslu futbolçu “Ştutqart"da parlamışdı. Alman klubunda sərgilədiyi oyunla hər il şəxsi və komanda hesabında mükafatlar qazanan Saşa meydanı görmək bacarığı, dəqiq ötürmələri, tez-tez fərqlənməsi sayəsində qısa müddətdə “nəhəng" klubların diqqətini cəlb etdi. Beləliklə, 2005-ci ilin iyulunda “Arsenal"a transfer olundu. 3 il London klubunun şərəfini qoyuran belaruslu komandanın əsas futbolçularının biri olmaqla yanaşı oyununda artım da etmişdi. Azarkeşlər onu çox sevirdilər. Britaniya mətbuatı onun İngiltərədə top qovan ən texnikalı futbolçu olduğunu bildirməkdən çəkinmirdi. Karyerasının pik vaxtında Qlebə “Barselona"dan dəvət gəldi. Əlbəttə, belə bir texnikalı futbolçu bu cür oyun üslubuna üstünlük verən komandaya lazım idi. Təəssüf ki, Aleksandr yeni komandasına uyğünlaşa bilmədi. Təkcə oyun üslubunda yox. İspan dilini öyrənmək istəməyən Saşa komanda yoldaşları ilə birgə hansısa tədbirlərdə iştirakdan da imtina edirdi. Tədricən Xosep Qvardiolanın etimadını itirən futbolçu nadir hallarda forma geyinmək şansı qazandı. Bu da onun oyununa təsirsiz ötüşmədi. Başqa klublara icarəyə verilən yarımmüdafiəçi icarə müddəti başa çatdıqdan sonra “Barsa"dakı yerini qaytarmağa çalışsa da, Pep bir daha ona şans vermədi. Bir vaxtlar rəhdərliyi altında oynadığı Feliks Maqatın dəvəti lap yerinə düşdü. Almaniyaya - “Volfsburq"a qayıdan belaruslu futbolçu daha sonra “Krılya Sovetov"a, oradan isə ölkəsinin BATE klubuna keçdi.
Rikardu Kuarejma
(“Porto"dan “İnter"ə)
Vaxt var idi onun haqqında belə deyirdilər: “Texniki göstəricilərinə görə Rikardu Ronaldodan geri qalmır, bəlkə də ondan üstündür". Bir neçə il əvvələ kimi Kuarejma ilə Ronaldo daim müqayisə olunurdular. Bir dəfə Rikardu bu barədə ona sual verən jurnalistin üstünə qışdırmışdı: “Bezdim artıq. Məni Ronaldo ilə müqayisə etməyin. Mənim öz oyun üslubum var". Doğrudan, hansı daha güclü futbolçudur? Zaman kimin güclü və daha istedadlı olduğunu göstərdi.
“Porto"da şöhrət qazanan Rikardu 2008-ci ildə İtaliyanın “İnter" klubu ilə müqavilə imzaladı. O, Milanda duruş gətirə bilmədi. “İnter"in heyətində cəmi 24 oyunda meydana çıxan yarımmüdafiəçi 1 qol vura bildi. 2009-cu ildə keçmiş baş məşqçisi Joze Mourinyo tərəfindən “Çelsi"yə dəvət olundu. Amma orada da özünü göstərə bilmədi. Londonluların heyətində cəmi 4 oyunda meydana çıxan portuqaliyalı “Beşiktaş"ın dəvətini qəbul etdi. 2012-ci ilin sonlarında qarşılıqlı razılaşma əsasında Türkiyə klubundan ayrılan Kuarejma bir ara “Əl-Əhli"də oynadı. Hazırda “yuva"ya qayıdıb. Əvvəlki Rikardudan əsər-əlamət qalmayıb.
Kuarejmanın karyerasında ən böyük səhv “İnter"ə keçid oldu. Futbolçu özü bu haqda belə demişdi: “Həyatımda ancaq bir şeyə - “İnter"ə keçdiyimə görə təəssüflənirəm. Orada mən xoşbəxt deyildim. Məndə özünəinam hissi yoxa çıxmışdı. Milanda həyatımın ən qorxulu 2 ilini keçirdim... İndiyə kimi başa düşə bilmirəm, Mourinyo nəyə görə mənə etimad göstərmədi. Axı, “Çelsi"yə onun istəyi ilə keçmişdim..."
Jo (ÇSKA-dan “Mançester Siti"yə)
Adətən “Mançester Siti"yə keçən futbolçular orada daha yaxşı oyun sərgiləyirlər. Lakin bu fikri Joya ad etmək olmaz. 2005-ci ildə Moskva klubuna keçən gənc braziliyalı az bir vaxtda Rusiyada ən məşhur futbolçulardan birinə çevrildi. İlk mövsümün birinci yarısında 14 qol vuran 18 yaşlı istedad ikinci yarıda zədə səbəbindən oynaya bilməsə də, müalicədən sonra daha da “artırdı". 2008-ci ildə Braziliya millisinə dəvət aldı. Deməli, həqiqətən istedadlı futbolçu idi.
2008-ci ilin yayında Jo “Mançester Siti"ya keçdi. Deyilənlərə görə, onun transfer qiyməti 20 milyon avro təşkil edirdi. 2008/09-cu illər mövsümünə pis başlamayan hücumçu tezliklə “ulduz xəstəliyi"nə tutuldu. Komandada güclü rəqabətin olması bir yana, tez-tez gecə klublarına “baş çəkmə"si onun heyətdən kənar düşməsi ilə nəticələndi. Baş məşqçi Mark Hyuzun gözündən düşən futbolçu bir müddət icarə əsasında “Everton"da oynadı. Daha sonra isə karyerasının uğursuz “Qalatasaray" hissəsi başladı. Jo indi “Atletiko Mineyro"da oynayır. Arada milliyə də çağırılır. Amma hər şey əvvəlki kimi deyil.
Dmitri Çiqrinski
(“Şaxtyor"dan “Barselona"ya)
2007/08-ci illər mövsümündə Dima Donetsk “Şaxtyor"unun vitse-kapitanı idi. Müdafiədə etibarlı oyunu, “ikinci mərtəbə"dəki bacarığı ilə “Barselona"nın seleksiyaçılarının diqqətini cəlb edə bilmişdi. 2009-cu ilin 26 avqustunda “Barselona" ilə UEFA Superkuboku uğrunda oyundan dərhal sonra o rəqiblə müqavilə imzaladı.
Çiqrinski “Barselona"da stabil oyun nümayiş etdirə bilmədi. Hər halda “Barselona" “Şaxtyor" deyildi. İspaniya klubunda 1 mövsüm keçirən Dimitri “suyu tökülə-tökülə" Donetskə qayıtdı. Artıq onun əvvəlki formasından əsər-əlamət qalmamışdı. Dima indi də “Şaxtyor"dadı. Amma ehtiyatda.
Ouen Harqrivz
(“Bavariya"dan “Mançester Yunayted"ə)
İngiltərə futbolunun istedadlı yarımmüdafiəçisi əsasən “Bavariya"dakı çıxışı ilə azarkeşlərin yaddaşında iz qoya bildi. 2000/01-ci illər mövsümü alman klubu üçün çox uğurlu alınmışdı. “Bavariya" Almaniya çempionu olmaqla bərabər Çempionlar Liqası Kubokunu da muzeyinə aparmışdı. ÇL-nın yarımfinalında “Real"la oyunda Ouen sərgilədiyi fantastik futbolla bir çox top-klubların diqqətini cəlb etmişdi. Lakin o, Münhen klubunda qalmağa üstünlük vermişdi. Uzun müddət bir neçə klub onunla müqavilə bağlamaq üçün “Bavariya"nın qapısını döydü. Sonda 2007-ci ildə Ouen “Mançester Yunayted"ə qismət oldu. Yeni klubunda keçirdiyi ilk mövsüm Harqrivz üçün uğurlu alındı. O, İngiltərə çempionu oldu. Həmçinin, 2-ci dəfə ÇL-nın qalibi adını qazandı. Bundan sonra isə o, “itkin düşdü". Doğrudur, burada Oueni günahlandırmaq düzgün olmaz. Futbolçunun bəxti gətirmirdi. Ardıcıl zədələr üzündən Harqrivz gününü meydanda deyil, lazaretdə keçirirdi. 2011-ci ildə “Mançester Yunayted" rəhbərliyi onunla müqaviləni yeniləməkdən imtina etdi. Futbolçu “Mançester Siti"yə keçdi. Lakin orada cəmi 1 oyunda meydana çıxa bildi.
Xalid Bulahruz
(“Hamburq"dan “Çelsi"yə)
“Hannibal". “Hamburq" azarkeşlərinin Xalid Bulahruza verdiyi ləqəb məhz belə idi. Bu da səbəbsiz deyildi. Xalid sərt və inamlı oyunu ilə rəqiblərinə göz açmağa imkan vermirdi. Bir növ onları “yeyirdi". 2005/06-cı illər mövsümündə alman klubunun daxili birincilikdə müdafiədəki inamlı oyununda (34 oyunda cəmi 30 qol) müdafiəçinin əməyi az deyildi. Amma bu üslubda oyun onun özünə də başağrısı gətirirdi. Təsadüfi deyil ki, “Hamburq"da keçirdiyi 2 mövsümdə o, 16 sarı vərəqə almışdı, 3 dəfə isə meydandan qovulmuşdu.
“Hamburq"dakı çıxışı “Çelsi"nin skautlarının diqqətini cəlb etdikdən sonra Joze Mourinyo bu futbolçunu komandasında görmək istədiyini bildirdi. Bulahruz universal futbolçu idi. Komandada hər bir problemli mövqedə çıxış etməyi bacarırdı. Lakin “Çelsi" “Hamburq" deyildi, İngiltərə futbolu isə alman futbolundan çox fərqlənirdi. Nəticədə digər müdafiəçilərlə rəqabətdə uduzan və tez-tez zədələnən “Hannibal" London klubunda özünü tapa bilmədi. 2 ildən sonra “Sevilya"ya icarəyə göndərildi. Ardından yenidən Almaniyaya qayıtdı. Bu dəfə “Ştutqart"a. 3 il “Ştutqart"da oynadıqdan sonra ardıcıl “Sportinq", “Brondbü" və “Feyenoord"a çıxış etsə də, əvvəlki Bulahruzdan əsər-əlamət qalmamışdı.
Maykl Ouen
(“Liverpul"dan “Real"a)
İngiltərə futbolunun daha bir canlı əfsanəsi. Maykl “Liverpul"dakı çıxışı ilə ad çıxara bilmişdi. Onda hücumçuya xas olacaq bütün xüsusiyyətlər var idi. Ouenlə bir çox klublar maraqlanırdı. Futbolçu özü isə “mersisaydlılar"ın heyətində qalmağa üstünlük verirdi. Amma çox keçmədən Maykl fikrindən döndü. Komandaya yeni təyin olunmuş baş məşqçi Rafael Benitesin “Liverpul"da qalmaq üçün təkidinə baxmayaraq hücumçu “Real"dan gələn sərfəli təklifi geri çevirmədi. Buna görə “Liverpul" azareşləri Mayklı “satqın" adlandırdılar.
Madrid klubunda keçirdiyi ilk mövsüm Mayk üçün düşərli oldu. Futbolçu 16 dəfə fərqlənə bildi. Ardınca işlər korlandı. Robinyo və Baptista ilə rəqabətdə uduzan futbolçu ehtiyatda qalmasına etiraz etdi və çox keçmədən vətəninə qayıtmaq qərarına gəldi. O, “Liverpul"a dönmək istəyirdi. Amma Rafael Benites Mayklın istəyinə “yox" deməklə, bir növ ondan əvəz çıxdı. Məcbur olub “Nyukasl"a keçən hücumçu ardıcıl zədələr üzündən əvvəlki oyununu göstərə bilmədi. Daha sonra “Mançester Yunayted"lə müqavilə bağlayan Ouen əvvəlki günlərindən çox uzaq düşmüşdü.
Dieqo (“Verder"dən “Yuventus"a)
Braziliyalı “Verder"də parlamışdı. Məhz alman klubunda Dieqonun istedadı üzə çıxmışdı. Komandanın bütün hücumlarında iştirak edən və məhsuldar ötürmələrlə yadda qalan yarımmüdafiəçi sərgilədiyi baxımlı oyunla azarkeşlərin sevimlisinə çevrilmişdi. Onun məşqçi və futbolçular arasında aparılan sorğunun nəticələrinə əsasən ilk mövsümündəcə Bundesliqanın ən yaxşı futbolçusu seçilməsi də təsadüf deyildi. “Verder"lə 2011-ci ilə kimi müqaviləsinin olmasına baxmayaraq, Dieqo 2009-cu ildə 24,5 milyon avro qarşılığında “Yuventus"a satıldı və İtaliya klubu ilə 5 illik “nikah"a girdi. Bu rəqəm alman klubunun tarixində rekord idi. “Qoca sinyora"da Dieqonun oyunu alınmadı. Klub rəhbərliyi və məşqçilər korpusu ilə arasında yaranan konflikt onun Turindən vaxtından tez ayrılmasına səbəb oldu və yenidən Almaniyaya - bu dəfə “Volfsburq"a qayıtdı. Oyunların birində baş məşqçi Feliks Maqatın onu əsas heyətə salmamasına etiraz edərək komandanın düşərgəsini icazəsiz tərk etməsi Dieqoya baha başa gəldi. O, 500 min avro cərimələndi və müqaviləsinə xitam verildi. Bundan sonra Dieqonu “Atletiko" və “Fənərbaxça"da görsək də, o, əvvəlki Dieqo deyildi.
Amauri (“Palermo"dan “Yuventus"a)
Amauri “Kyevo"dakı çıxışı ilə özünü tanıtdıra bilmişdi. İtaliya klubundakı 3 mövsüm ərzində o, komandanın liderlərindən birinə çevrilmişdi. 2006-cı ildə “Palermo"ya keçən hücumçu ilk mövsümdə ağır zədə aldı. Buna baxmayaraq, gec də olsa sıraya dönən Amauri yenə də baxımlı oyunu və vurduğu qollarla nəyə qadir olduğunu göstərə bildi. O, “Yuventus"a keçəndə əsl ulduz idi. Gəl ki, Turində onun işləri ürəyincə getmədi. Əsas heyətdə oynamasına və qollar vurmasına baxmayaraq, əvvəlki formasında çox uzaq idi. Ardınca klub rəhbərliyi ilə münaqişə Amaurinin “Parma"ya keçməsi ilə nəticələndi və sıradan futbolçuya çevrildi.
Baptista
(“Sevilya"dan “Real"a)
Baptista demək olar ki, bir göz qırpımında parladı. 2006-cı ildə “Sevilya"yanın futbolçusu olan braziliyalı mövsüm ərzində 30 oyunun iştirakçısı oldu və 20 qol vurdu. Birincilik başa çatan kimi isə “Real"dan təklif gəldi. Madrid klubunda rəqabətin güclü olması, ulduz futbolçulardan geri qalması Baptistanın daha çox ehtiyatda oturması ilə nəticələndi. 2006-cı ildə “Arsenal"a icarəyə verilən hücumçu bir də Madrid klubunun düşərgəsinə 2007-ci ilin yayında qoşuldu. Yenə də gününü ehtiyatda keçirən Baptista daha sonra “Roma"ya üz tutdu. Amma orada hansısa özəlliklə yadda qala bilmədi. Tez parlayan “ulduz" tez də söndü.
Hazırladı: NEMƏT
“Het-trik news” qəzeti