«Rəşad Sadıqovun o vaxt «Kocaelispor»la müqavilə bağlamasında mənim rolum olub».
Newsport.az-ın məlumatına görə, bu sözləri Sportinfo.az-a açıqlamasında «Bakı»nın sabiq rəisi Akif Özakyol deyib.
Uzun illər paytaxt klubunda önəmli vəzifə tutmuş türkiyəli funksioner millimizin keçmiş kapitanının Super Liqa təmsilçisi ilə anlaşması barədə maraqlı fakt açıqlayıb.
Gözlənilmədən «Neftçi»dən ayrılandan sonra qardaş ölkəyə üz tutan müdafiəçi «Kocaelispor»la müqavilə bağlayıb. 2008/09-cu il mövsümündə burada 16 oyun keçirən Sadıqova yerli azarkeşlər «Terminator» ləqəbi verib.
A.Özakyolu dinləyək: «Həmin vaxt klub rəhbərliyi mənimlə əlaqə saxlayaraq, Rəşad barədə ətraflı bilgi istəmişdi. «Kocaelispor»da işlədiyim üçün məni yaxşı tanıyırdılar və bilirdilər ki, onlara doğrunu söyləyəcəm.
Dedim ki, gecikməyin, Rəşadı alın, qətiyyən uduzmayacaqsız. Təcrübəli və səviyyəli futbolçu olduğunu, komandaya fayda verəcəyini söylədim.