"Qalatasaray"dan ayrılan ulduz hücumçu Mauro İkardi klub prezidenti Dursun Özbeyin onun üçün təşkil etmək istədiyi vida tədbirindən imtina edib.
Newsport.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Bildirilir ki, rəhbərliyin "Vilyarreal" ilə yoldaşlıq oyunundan əvvəl təşkil etməyi planlaşdırdığı xüsusi vida mərasimi üçün edilən rəsmi dəvət argentinalı forvard tərəfindən müsbət qarşılanmayıb.
33 yaşlı təcrübəli oyunçunun klubdan ayrılma prosesində yaşanan bəzi hadisələrə görə rəhbərlikdən və baş məşqçi Okan Burukdan incidiyi, bu səbəbdən İspaniya klubu ilə matç öncəsi keçirilməsi nəzərdə tutulan tədbirə qatılmaq istəmədiyi iddia olunur.
Qeyd edək ki, İstanbul nəhənginin heyətində 4 mövsüm çıxış edən və kapitanlığa qədər yüksələn ulduz futbolçu, "sarı-qırmızı" forma ilə meydana çıxdığı 134 rəsmi oyunda 77 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.