Braziliyalı hücumçu Vinisius Junior növbəti yay başa çatacaq müqaviləsinin müddətini uzatmaq barədə Madrid "Real"ı ilə razılıq əldə edib.
Newsport.az xəbər verir ki, insayder Romano Alvares özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Yeni sözləşmə 2031-ci ilə qədər nəzərdə tutulub. Daha əvvəl London "Arsenal"ının Vinisiusla maraqlandığı barədə məlumatlar yayılmışdı. "Topçular"ın İspaniya klubu vingerlə yeni müqavilə imzalaya bilmədiyi təqdirdə "Kral klubu"na rəsmi təklif göndərməyə hazır olduqları bildirilirdi.
Qeyd edək ki, Vinisius 2018-ci ilin yayından "Real"da çıxış edir. Futbolçu Madrid klubuna Braziliya "Flamenqo"sundan 45 milyon avro qarşılığında transfer olunub. O, ötən mövsüm "Real"ın heyətində 53 oyuna çıxıb, 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.