İnfantinodan BOK-a şikayət

Beynəlxalq Olimpiya Komitəsinə (BOK) FIFA prezidenti Canni İnfantinonun ABŞ prezidenti Donald Trampla münasibətlərində siyasi neytrallıq qaydalarını pozması ilə bağlı şikayət daxil olub. Bu barədə ESPN məlumat yayıb.

Qeyri-kommersiya hüquq müdafiə təşkilatı “FairSquare” bildirib ki, 2020-ci ildən BOK-un üzvü olan İnfantino dəfələrlə olimpiya xartiyasını və BOK-un Etika Məcəlləsini pozub. İddia olunur ki, sonuncu belə hal ABŞ millisinin hücumçusu Folarin Baloqunun işi ilə bağlı baş verib.

“FairSquare” təşkilatınının bəyanatında deyilir: “Canni İnfantino dəfələrlə ABŞ prezidenti Donald Trampa siyasi dəstək nümayiş etdirməklə BOK-un siyasi neytrallıq qaydalarını pozub”.

Xatırladaq ki, FIFA-nın İntizam Komitəsi ABŞ millisinin hücumçusunun cəzasının icrasını müvəqqəti dayandırıb və bunun sayəsində futbolçu DÇ-2026-nın 1/8 final mərhələsində Belçikaya qarşı oyunda iştirak edə bilib. Daha əvvəl FIFA-nın bu qərarı Ağ Evdən Canni İnfantinoya edilən telefon zəngindən sonra verdiyi bildirilmişdi. ABŞ prezidenti Donald Tramp da İnfantinoya zəng etdiyini və futbolçunun diskvalifikasiyası ilə bağlı qərarın yenidən nəzərdən keçirilməsini xahiş etdiyini təsdiqləmişdi.

BOK siyasi neytrallığı olimpiya hərəkatının əsas prinsiplərindən biri hesab edir və FIFA kimi beynəlxalq idman təşkilatlarına da bu prinsipin aid olduğunu vurğulayır. İnfantino 2020-ci ildə BOK-un 100-dən çox dəvətli üzvündən ibarət eksklüziv qrupuna qoşulduğu üçün Komitə onun fəaliyyəti ilə bağlı yurisdiksiyaya malikdir.

“FairSquare” təşkilatının BOK-un Etika Komissiyasına təqdim etdiyi şikayətdə siyasi neytrallıq qaydalarının beş dəfə açıq şəkildə pozulduğu iddia edilir. Bununla yanaşı, Baloqunun işi də daxil olmaqla daha iki ciddi pozuntuya dair mümkün sübutların olduğu da qeyd olunur.

İddia edilən pozuntulardan biri İnfantinonun DÇ-2026-ya həsr olunmuş FIFA azarkeş saytını tanıtması ilə bağlıdır. “FairSquare” hesab edir ki, həmin platforma prezident Donald Trampla əlaqəli təşkilatların həyata keçirdiyi məlumattoplama kampaniyasının bir hissəsi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right