Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Semyon Şterev Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında uğurlu nəticə gözlədiyi idmançıların adlarını açıqlayıb.
Newsport.az-ın məlumatına görə, mütəxəssis jurnalistlərə açıqlamasında 3 güləşçinin adını xüsusi vurğulayıb.
O, budəfəki mundialda təkcə Mariya Stadnikin uğurlu çıxışı ilə kifayətlənmək istəmədiklərini bildirib: “Ölkə xaricində bir neçə təlim-məşq toplanışı keçmişik, yarışlarda iştirak etmişik. Yaxşı hazırlığımız baş tutub. Bu dəfə təkcə Mariya Stadnikdən (50 kq) yox, həmçinin Jalə Əliyeva (57 kq) və Elis Manolovadan (62 kq) da uğur gözləyirik. Dünya çempionatı elə yarışdır ki, kim daha çox arzulasa, o da nəticə qazanacaq. Lisenziya qazana bilməsək də, digər yarışlarda bunu etmək şansımız olacaq”.
Qeyd edək ki, sentyabrın 16-24-ü aralığında keçiriləcək dünya çempionatında Azərbaycanın 6 qadın güləşçisi mübarizə aparacaq.