“Ötənilki dünya çempionatındakı nəticəni yaxşılaşdırmaq istəyirik”.
Newsport.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Rusiyalı mütəxəssis mundiala iddialı yollanacaqlarını bildirib: “Həm evdə, həm də ölkə xaricində ağır təlim-məşq toplanışları keçdik. Dünya çempionatına hazırlaşmaq üçün bizə hər cür şərait yaradan Azərbaycan Güləş Federasiyasının prezidentinə təşəkkürümü bildirirəm. Dünya çempionatından mümkün qədər çox olimpiya lisenziyası ilə qayıtmaq istəyirik. Bu yarışdan sonra daha çox lisenziya xarakterli turnirlər olacaq. Uşaqlar mundiala yaxşı kökləniblər. Qızıl medal qazanmaq xüsusi önəm kəsb edir. Uşaqlar özlərinə və bizə inanırlar ki, biz düzgün yoldayıq”.
Qeyd edək ki, sentyabrın 16-24-ü aralığında keçiriləcək dünya çempionatına Azərbaycan 10 yunan-Roma güləşçisi ilə qatılacaq.