Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına son lisenziyalar oynanılıb.
Newsport.az-ın məlumatına görə, bu gün stend atıcılığının səngər növündə qadın medalçıların adlarına aydınlıq gəlib.
Qızıl medal uğrunda yarışda Çin Taypeyini təmsil edən Lin Yi Çun London-2012 olimpiadasının qalibi Cessika Rossini 40:39 hesabı ilə üstələyib. Bürünc medala isə 28 dəqiq atışla Almaniyanı təmsil edən Ketrin Murçe sahib olub .
Yekunda Çin Taypeyi, Almaniya, Çin və Hindistan atıcıları ölkələri üçün Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Stend atıcılığının səngər növü üzrə kişilər arasında yarışda isə qızıl medala xorvatiyalı Covanni Çernoqoras sahib olub. Ondan 3 xal geri qalan slovakiyalı Marian Kovakosi 41 xalla gümüş medal qazanıb. Küveyt yığmasının üzvü Xaled Almudhaf 31 xalla üçüncü yeri tutub.
Paris-2024-ə lisenziyanı Xorvatiya, Slovakiya və Küveyt təmsilçiləri ilə yanaşı, finalda iştirak edən italiyalı atıcı Covanni Pellielo əldə edib.
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.