Həmzəyev: “Hər iki yarışda qalib gəlməyi yenə qarşıya məqsəd qoymuşuq”

Azərbaycan Basketbol Federasiyasında son çempionatın yekunları və növbəti mövsümün planları ilə bağlı iclas keçirilib. Tədbirdə “Gəncə” klubunun rəhbərliyi, eləcə də komandanın kapitanı Amil Həmzəyev də iştirak edib.

Newsport.az-ın məlumatına görə, iclasla bağlı klubun mətbuat xidmətinə danışan Həmzəyev, əvvəlcə “Gəncə”nin avrokuboklarda iştirakı ilə bağlı məsələyə toxunub. O, bildirib ki, kluba sponsor tapılsa da, istəkləri həyata keçməyib:

“Ötən mövsümü uğurlu keçirən komandamız ilk dəfə təşkil edilən Azərbaycan kubokunu başı üzərinə qaldıraraq ölkəmizi avrokuboklarda təmsil etməyə haqq qazanmışdı. Kollektivimizin Avropada iştirakını azarkeşlər də səbirsizliklə gözləyirdilər. Bir müddət əvvəl “Gəncə”nin qitəmiqyaslı turnirə qatılması üçün ən böyük əngəl olan sponsor problemi həllini tapdı, amma komandanın yarışlarda mübarizəsinə icazə verilmədi. Yerli banklardan biri bütün maliyyə yükünü üzərinə çəkmişdi. Lakin bununla bağlı qitə qurumundan mənfi cavab gəldi. Avropa Basketbol Federasiyası həmin sponsoru qəbul etmədi və ümidlərimiz puç oldu. Yəqin ki, növbəti mövsüm belə problem olmaz, istəyimiz reallaşar”.

Gələcək mövsümdə komandaların sayının artacağı səbəbindən daha iddialı kollektiv formalaşdırmaq istədiklərini deyən Amil Həmzəyev bunun üçün həm əcnəbi, həm yerli basketbolçularla danışıqların getdiyini söyləyib:

“Limit çempionatda eyni olaraq qalır. 3 əcnəbi və 2 yerli baskebolçu meydanda olacaq. Liqada 10 komanda mübarizə aparacaq. İddialı klubların sayı artacaq və bizi bu səbəbdən daha gərgin çempionatın gözlədiyini deyə bilərik. Böyük ehtimalla, heyətimizdə dəyişikliklər olacaq. Təbii ki, oyunu ilə seçilən legionerləri saxlamağa çalışacağıq. Danışıqlar gedir, komandanı gücləndirməyə çalışacağıq. Güclü yerli oyunçuları da heyətə cəlb edib iddialı komanda qurmaq istəyirik”.

Milli komandanın üzvü “Gəncə”nin hədəflərinin dəyişmədiyini, həm çempionatda, həm də kubokda nəticə qazanmağa çalışacaqlarını qeyd edib:

“Kubok yarışında olduğu kimi çempionatda da baş mükafatı hədəfləmişdik. Bir çox səbəblər oldu, özüm zədəyə görə final seriyasında komandaya tam kömək edə bilmədim. Məncə, mövsümün ən yaxşı komandası biz olduq. Gələn mövsümdə hər iki yarışda qalib gəlməyi yenə qarşıya məqsəd qoymuşuq”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right