Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçirilib.
Newsport.az-ın məlumatına görə, iyunun 21-dən 25-dək davam edən ənənəvi yarışda güləşçilərimiz 12 medal qazanıb.
Yunan-Roma güləşində Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) ikinci, Məhəmməd Əhmədiyev (87 kq) isə üçüncü yeri tutub.
Qadın güləşində Birgül Soltanova (62 kq) və Elnurə Məmmədova (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nigar Mirzəzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Sərbəst güləşdə isə Maqomed-Başir Xaniyev (70 kq) qızıl, İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov, Rəşid Babazadə (hər ikisi 65 kq), Orxan Abasov və Əşrəf Aşırov (79 kq) bürünc medal əldə edib.
Beləliklə, güləşçilərimiz turniri 3 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vurub.
Ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyub.