Meksikalı məşqçi: “Milli Gimnastika Arenası dünyada ən heyrətamiz məşq mərkəzidir”

“Hazırlıq keçdiyimiz Milli Gimnastika Arenası dünyada ən heyrətamiz məşq mərkəzidir”.

Newsport.az xəbər verir ki, bunu Bakıda təlim-məşq toplanışında olan Meksikanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi Eliza Meza Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

O, Azərbaycana fərdi proqramda çıxış edən böyüklərdən ibarət yığma komandanın 4 gimnastı ilə gəldiklərini bildirib: “Qarşıda bizi Pan-Amerika çempionatı gözləyir. Bununla yanaşı, Portimao şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlaşırıq. Bir ay sonra isə dünya çempionatına təsnifat xarakteri daşıyan Pan-Amerika Oyunlarında çıxış edəcəyik”.

Meksikalı mütəxəssis burada onlara qarşı olan münasibətdən razılıq bildirib: “Təlim-məşq toplanışımız iki hissədən ibarətdir. Buradakı məşqlərdə bizə azərbaycanlı məşqçi Aleksandra Reyş kömək edir. Bura hər səfərimiz zamanı çox isti münasibət görürük. Meksika ilə Azərbaycan arasında mehriban dostluq əlaqələri mövcuddur. Gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə məşqçimiz Laura Kosta arasında yaxşı münasibətlər var. Burada yüksək səviyyəli mütəxəssislərlə keçirilən məşqlərdən, bizim üçün yaradılan şəraitdən çox razıyıq”.

Eliza Meza daha əvvəllər də Bakıda olduqlarını vurğulayıb: “2019-cu ildə dünya çempionatı zamanı bura gəlmişik. İdmançılarımız isə Bakıya 2021-ci ildə Dünya Kuboku ərəfəsində səfər ediblər. Azərbaycana əsas səfərimiz Bakıda keçirilən Dünya Kubokunda iştirakla bağlı idi. Daha sonra təlim-məşq toplanışı məqsədilə burada qalmağa qərar verdik. Meksikaya yolumuz uzundur. Bir həftə sonra ölkəmizə geri dönəcəyik. Düzünü deyim ki, şəhəri bu cür təsəvvür etmirdik. Bakı çox gözəl, eyni zamanda, müasir şəhərdir”.

Məşqçi əlavə edib ki, Azərbaycanın gimnastika yığmasının dünyanın ən yaxşıları sırasındadır: “Azərbaycan uzun illərdir ən yaxşı ilk 10 komanda sırasında yer alır. Bu yığmanın heyətində güclü bir gimnast var – Zöhrə Ağamirova. O, həmişə yaxşı nəticələr əldə edir. Üç ildir ki, biz bir-birimizi tanıyırıq. Münasibətlərimiz yüksək səviyyədədir. Buradakı mütəxəssislər öz işlərinin peşəkarıdırlar. Məhz buna görə də düşünürəm ki, dünyanın hər yerindən çoxlu gimnastlar Azərbaycana təlim-məşq toplanışına gəlirlər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right