“Formula 1”: Azərbaycan Qran Prisində 3 rekord qeydə alınıb

“Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran Prisində 3 rekord qeydə alınıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Newsport.az-a verilən məlumata görə, “Gözlənilməzə hazır ol” şüarı altında keçiriləcək mövsümün dördüncü mərhələsi ərəfəsində Azərbaycan Qran Prisi bilet satışında əvvəlki altı ildən yüksək göstərici ilə yadda qalıb.

Digər rekord ilk dəfə 100-dən çox fərqli ölkədən olan azarkeşlərin Azərbaycana səfər etməsidir. Bakıdakı yarışda indiyə qədər belə göstərici olmayıb.

Son altı illə müqayisədə ilk dəfə Azərbaycana Qran Prisini izləməyə gələn əcnəbi azarkeşlərin sayı da rekord həddə çatıb.

Sahil, Abşeron “B” sektoru, Filarmoniya tribunalarından sonra Muğam və Bulvar tribunalarına olan biletlər də tamamilə satılıb. Beləliklə, adıçəkilən tribunalara yerlərin satılması ilə biletlərin 90 faizi sahibini tapıb. Artıq sadəcə son tribunalarda az sayda yerlər qalıb.

BŞH-nın mətbuat katibi Turab Teymurov həyəcanın maksimum həddə olacağı yarışda azarkeşləri yerlərini əvvəlcədən tutmağa səsləyib: “Biletlərin tükəndiyi tribunalarla birlikdə bilet satışının sürətlə davam etməsinə çox sevinirik. Hər kəsə məlumdur ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi gözlənilməzlərlə dolu bir yarışdır və Bakı yarışının bu xüsusiyyəti bilet satışlarında öz əksini tapır. Bütün F1 azarkeşlərini yenidən Bakıda salamlamağı səbirsizliklə gözləyirik, onları burada daha bir möhtəşəm yarış həftəsi gözləyir. Odur ki, çox gec olmadan biletlərinizi əldə etməyə tələsin!”

Yarış həyəcanını yaşamaq istəyənlər biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərin aşağıdakı satış nöqtələrindən əldə edə bilərlər: 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt.

Qeyd edək ki, ilk sprint yarışı aprelin 28-30-u tarixlərində keçiriləcək Azərbaycan Qran Prisində baş tutacaq. Eyni zamanda dünya ulduzları DJ Don Diablo və Hardwellin konserti nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right