Millətlər Liqasında uğura gedəcək yolun xəritəsi (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 10-cu yazı

2018-ci ilə qədəm qoyduq. Yeni il özü ilə yeni ümidlər gətirir. Xüsusilə də yığmamız üçün. Qurban Qurbanovun baş məşqçi vəzifəsinə təyin olunması və apardığı islahatlar milli adına gələcəyə inamla baxmağa imkan verir. Bundan sonra komandamızın daha baxımlı oynayacağına və daha yaxşı nəticələr əldə edəcəyinə ümid çoxdur. Bu gün üçün əsas hədəf isə bir neçə oyununun Bakı Olimpiya Stadionunda keçiriləcəyi Avropa çempionatına vəsiqə qazanmaqdır. Əlbəttə, AÇ-2020-nin seçmə mərhələsində yuxarı pillələrdə yer almaq real hədəf deyil. Ancaq gələn ildən startı veriləcək Millətlər Liqası bunun üçün əla şans deməkdir.

Platininin yaratdığı şans

Mişel Platini UEFA prezidenti olduqdan sonra qitə futbolunda köklü islahatlara əl atdı. Sözsüz, bunların hamısının uğurlu olduğunu söyləyə bilmərik. Bəzi addımları, etdiyi dəyişikliklər Avropanın aparıcı ölkələrinin və klublarının ciddi narazılığına səbəb oldu. Ancaq fransızın hədəfi qitədə yığma və klub səviyyəsində uçurumu aradan qaldırmaq və rəqabəti gücləndirməkdən ibarət idi. 2014-cü ildə layihəsi hazırlanan Millətlər Liqası ideyası isə ortabab və zəif yığmalara AÇ-yə vəsiqə qazanmaq şansı verdi. Reqlamentə əsasən “köhnə qitə”nin üzvləri reytinqlərinə görə A, B, C və D liqasına bölünüb. Hər liqanın qalibi AÇ-2020-yə vəsiqə qazanacaq.

D liqasında oynayacağıq

Millimizin Avropadakı əmsalı 17,761-ə bərabərdir ki, bu da 40-cı yer anlamına gəlir. Bu səbəbdən komandamız D liqasında mübarizə aparacaq. Bu həm də 1-ci səbətdə yer almağa imkan verir. Bizimlə eyni səbətdə Makedoniya (17,071), Belarus (16,868) və Gürcüstan (16,523) yer alıb. Bu isə o deməkdir ki, yanvarın 24-də atılacaq püşkatma zamanı bu komandaların heç biriylə eyni qrupda yer almayacağıq. İkinci səbətdə Ermənistan (15,846), Latviya (15,821), FarerAdaları (15,490) və Lüksemburq (14,231), 3-cü səbətdə Qazaxıstan (13,431), Moldova (13,130), Lixteynşteyn (10,950) və Malta (10,870), sonuncu – 4-cü səbətdə isə “cırtdanlar” – Andorra (10,240),    Kosovo (9,950),     San Marino (8,190) və Cəbəllütariq (7,550) qərarlaşıb.

Payızda başlayıb, gələn il bitəcək

Millətlər Liqasında mübarizəyə sentyabrda start veriləcək. Qrup matçlarının təqvimi belədir:

I tur – 6-8 sentyabr

II tur – 9-11 sentyabr

III tur – 11-13 oktyabr

IV tur – 14-16 oktyabr

V tur – 15-17 noyabr

VI tur – 18-20 noyabr

Yekunda qrup qalibləri həm növbəti analoji yarışda C liqasında çıxış etmək şansı əldə edəcək, həm də cari tsikldə yarımfinala vəsiqə qazanacaq. Əvəzində C liqasında qrup sonuncuları D liqasına “yuvarlanacaq”. Dekabrda D liqasında qrup qalibi olan ölkələrdən biri “Dördlər finalı”nın təşkilatçısı olacaq. İyunda yarımfinal oyunları, 3-cü yer uğrunda görüş və final həmin təşkilatçı ölkədə keçiriləcək. Yuxarıda da qeyd etdiyimiz kimi, finalda qalib gələn komanda AÇ-2020-yə vəsiqə qazanacaq. Onu da nəzərinizə çatdıraq ki, Millətlər Liqasına görə qitə birinciliyinin seçmə mərhələsi ənənəvi vaxtda deyil, bir qədər gec start götürəcək. Adətən sentyabrda startı verilən tsikl bu dəfə gələn ilin martın 21-də başlayacaq.

Qrupda “cırtdanlar”la qarşılaşaq

Bəs yanvarın 24-də atılacaq püşkdə hansı rəqiblərlə qarşılaşmaq qrup lideri olmaq baxımından faydalıdır? Gəlin, bunu araşdırıb tapmağa çalışaq. Makedoniya, Belarus və Gürcüstanla eyni səbətdə yer aldığımızdan onlarla qarşılaşa bilmərik. Eləcə də 2-ci səbətdə yer alan Ermənistanla da. UEFA iki ölkənin düşmən münasibətdə olduğunu nəzərə alıb. Seçmə mərhələlərdə olduğu kimi, Millətlər Liqasının qrupunda da ermənilərlə yer ala bilmərik. Deməli, 2-cü səbətdən qrupumuza ya Latviya, Farer Adaları, ya da Lüksemburq düşəcək. İndiyədək bu komandalardan yalnız Lüksemburqla rəsmi oyunlarda qarşılaşmışıq. Evdə qalib gəlmişiksə, səfərdə heç-heçə etmişik. Son seçmə mərhələdəki nəticələri nəzərə alsaq, elə bu komanda bizim üçün daha münasib rəqib kimi görünür. 3-cü səbətdə Qazaxıstan ən arzuolunmaz rəqibdir. Moldova son vaxtlar enişdə, Lixteynşteyn isə yüksəlişdədir. Ümumi götürəndə hər iki oyunda məğlub edəcəyimiz komanda Maltanı saya bilərik. Gəlib çatdıq son səbətə. 4-cü səbətdəki istənilən rəqib qrupumuzun potensial autsayderidir. Hərçənd Kosovo sürprizə imza ata bilər. Andorro və Cəbəllütariqlə rəsmi oyunlarda qarşılaşmamışıq. San Marinonun isə nəyə qadir olduğunu DÇ-2018-in seçmə mərhələsində gördük. Bu komandanı həm səfərdə, həm də evdə udmaqla futbol tariximizdə ilkə imza atdıq. Belə ki, heç vaxt hansısa komandanı bir tsikldə iki dəfə məğlub etməmişdik. Beləliklə, püşk üzümüzə gülsə və “cırtdan” ölkələri qrupumuza salsa, yarımfinala yüksəlmək şansımız birə beş artacaq.

Komandaların son durumu

İndi isə son seçmə mərhələdə D liqasının üzvlərinin hansı nəticələrə imza atdığına baxaq. Çünki bu nəticələr komandaların son durumlarını və real vəziyyətini daha aydın əks etdirir. Başlayaq yığmamızdan. Millimiz DÇ-2018-in seçmə mərhələsində şəxsi rekordunuyenilədi və 10 xal topladı. Hesabımıza 3 qələbə, 1 heç-heçə və 6 məğlubiyyət yazıldı. 10 top vurub, 19-nu buraxdıq. Yekunda C qrupunda 5-ci yeri tutduq. Bizimlə eyni qrupda yer alan San Marino 10 oyunun hamısında uduzdu. 2 qola sevindisə, 51 dəfə topu qapısından çıxardı. D liqasının iki iştirakçısı A qrupunda çıxış edirdi. Lüksemburq 1 qələbə, 3 heç-heçə və 6 məğlubiyyətlə 6 xal qazandı. Topların fərqi belə idi: 8-26. “Cırtdanlar”ın Belarusu qabaqlayaraq 5-ci yeri tutması sensasiya sayılmalıdı. Bizimlə eyni səbətdə yer alan MDB ölkəsi cəmi 5 xal topladı. Belarus cəmi 1 dəfə qalib gəldisə, iki oyunda “sülh”ə imza atdı. 6 top vurub, 21-ni buraxdı. D liqasının 3 iştirakçısı son seçmə mərhələdə B qrupunda yer almışdı. Farer Adaları hamını təəccübləndirməyi bacardı. İki görüşdə qələbə və daha 3 heç-heçə 9 xalla 4-cü yeri tutmağa imkan verdi. 4 qola sevindilər, qapılarında gördükləri 16 topa isə üzüldülər. Latviya cəmi 2 qələbə qazanıb, bir heç-heçə edə bildi. Latışlar 7 xalla 5-ci oldu. Topların fərqi belə oldu: 7-18. Andorra isə autsayder imicindən qurtula bilmədi. Bir qarşılaşmada uddu, birində bərabərə qaldı, qalan matçlardan boynubükük ayrıldı. Cəmi 2 qol vurdu. 23 dəfə qapısında top gördü. D qrupuna gələk. Gürcüstan üçün növbəti uğursuz tsikl yaşandı. Qonşularımız seçmə mərhələdə qələbəyə həsrət qaldı: 5 heç-heçə, 5 xal, 5-ci yer. 14 qoldan yalnız 8-in cavabını verə bildilər. Amma gürcülərin vəziyyəti Moldovaya baxanda şükürlü oldu. Onlar cəmi 2 heç-heçə edə bildi. 2 xal isə sonuncu yerdən xilas olmağa imkan vermədi. 4 qol vurdular, 23-nü buraxdılar. E qrupuna nəzər salaq. Ermənistanın qazancı 2 qələbə və 1 heç-heçə oldu. 7 xal yalnız Qazaxıstanı qabaqlamağa imkan verdi. Dığalar 10 qola sevinib, 26-na üzüldü. Qazaxlar isə ümumiyyətlə, qələbə üzü görmədi. Cəmi 3 heç-heçə və 3 xal sonuncu yeri qaçılmaz etdi. Qazaxıstan rəqib qapılarından 6 top keçirdi. Öz qapısında isə 26 qol gördü. Malta F qrupunun sonuncusu oldu. “Cırtdanlar” cəmi bir oyunda 1 xala sevindi. 3 dəfə fərqləndilər, 25 top buraxdılar. G qrupunda Makedoniya topladığı 11 xalla yalnız Lixteynşteynin önündə oldu. 3 qələbə və 2-ci heç-heçəylə 5-ci yeri tutdular. İsgəndərin həmyerlilərinin top fərqi eynidi: 15-15. Lixteynşteyn isə heç bir xal da qazana bilmədi. Cəmi 1 qol vurdular, əvəzində qapılarında 39 top gördülər. Elə Cəbəllütariq də H qrupunda xala həsrət qaldı. Top fərqi belə oldu: 3-47. İ qrupunda yer alan Kosovonun qazancı 1 xal oldu. 3 top vurdular, 24-nü buraxdılar.

Yalnız üç komandayla yolumuz kəsişməyib

İndi isə D liqasında yer alan komandalarla keçirdiyimiz bütün oyunların nəticələrinə diqqət yetirək. Ermənistan, Kosovo və Cəbəllütariqdən başqa liqanın bütün iştirakçılarla yoldaşlıq və rəsmi oyunlarda üz-üzə gəlmişik.

17.09.1992 Gürcüstan – AZƏRBAYCAN 6:3 (yoldaşlıq oyunu)

25.05.1993 AZƏRBAYCAN – Gürcüstan 1:0 (yoldaşlıq oyunu)

19.04.1994 Malta – AZƏRBAYCAN 5:0 (yoldaşlıq oyunu)

01.09.1994 Moldova – AZƏRBAYCAN 2:1 (yoldaşlıq oyunu)

27.02.1996 Farer Adaları – AZƏRBAYCAN 0:3 (yoldaşlıq oyunu)

27.05.1996 Belarus – AZƏRBAYCAN 2:2 (yoldaşlıq oyunu)

22.03.1998 AZƏRBAYCAN – Moldova 1:0 (yoldaşlıq oyunu)

24.06.1998 Andorra – AZƏRBAYCAN 0:0 (yoldaşlıq oyunu)

12.08.1998 AZƏRBAYCAN – Gəncə 1:0 (yoldaşlıq oyunu)

14.10.1998 Lixteynşteyn – AZƏRBAYCAN 2:1 (seçmə mərhələ oyunu)

05.06.1999 AZƏRBAYCAN – Lixteynşteyn 4:0 (seçmə mərhələ oyunu)

06.02.2000 Malta – AZƏRBAYCAN 3:0 (yoldaşlıq oyunu)

10.02.2000 AZƏRBAYCAN – Andorra 0:0 (yoldaşlıq oyunu)

04.06.2000 AZƏRBAYCAN – Gürcüstan (yoldaşlıq oyunu)

27.07.2000 AZƏRBAYCAN – Makedoniya 1:2 (yoldaşlıq oyunu)

07.10.2000 Makedoniya – AZƏRBAYCAN 3:0 (seçmə mərhələ oyunu)

25.02.2001 Belarus – AZƏRBAYCAN 0:1 (yoldaşlıq oyunu)

24.03.2001 AZƏRBAYCAN – Moldova 0:0 (seçmə mərhələ oyunu)

08.05.2001 Gürcüstan – AZƏRBAYCAN 1:0 (yoldaşlıq oyunu)

31.08.2001 Moldova – AZƏRBAYCAN 2:0 (seçmə mərhələ oyunu)

04.09.2001 AZƏRBAYCAN – Makedoniya 1:1 (seçmə mərhələ oyunu)

16.04.2002 Malta – AZƏRBAYCAN 1:0 (yoldaşlıq oyunu)

05.07.2002 Latviya – AZƏRBAYCAN 0:0 (yoldaşlıq oyunu)

31.03.2004 Moldova – AZƏRBAYCAN 2:1 (yoldaşlıq oyunu)

06.06.2004 Latviya – AZƏRBAYCAN 2:2 (yoldaşlıq oyunu)

09.02.2005 AZƏRBAYCAN – Moldova 0:0 (yoldaşlıq oyunu)

18.05.2006 Moldova – AZƏRBAYCAN 0:0 (yoldaşlıq oyunu)

06.09.2006 AZƏRBAYCAN – Qazaxıstan 1:1 (yoldaşlıq oyunu)

09.03.2007 Qazaxıstan – AZƏRBAYCAN 1:0 (yoldaşlıq oyunu)

12.09.2007 AZƏRBAYCAN – Gürcüstan 1:1 (yoldaşlıq oyunu)

03.02.2008 AZƏRBAYCAN – Qazaxıstan 0:0 (yoldaşlıq oyunu)

04.06.2008 Andorra – AZƏRBAYCAN 1:2 (yoldaşlıq oyunu)

10.09.2008 AZƏRBAYCAN – Lixteynşteyn 0:0 (seçmə mərhələ oyunu)

10.10.2009 Lixteynşteyn – AZƏRBAYCAN 0:2 (seçmə mərhələ oyunu)

03.03.2010 Lüksemburq – AZƏRBAYCAN 1:2 (yoldaşlıq oyunu)

26.05.2010 Moldova – AZƏRBAYCAN 1:1 (yoldaşlıq oyunu)

29.05.2010 AZƏRBAYCAN – Makedoniya 1:3 (yoldaşlıq oyunu)

03.06.2011 Qazaxıstan – AZƏRBAYCAN 2:1 (seçmə mərhələ oyunu)

10.08.2011 AZƏRBAYCAN – Makedoniya 0:1 (yoldaşlıq oyunu)

06.09.2011 AZƏRBAYCAN – Qazaxıstan 3:2 (seçmə mərhələ oyunu)

20.05.2012 AZƏRBAYCAN – Andorra 0:0 (yoldaşlıq oyunu)

06.02.2013 AZƏRBAYCAN – Lixteynşteyn 1:0 (yoldaşlıq oyunu)

22.03.2013 Lüksemburq – AZƏRBAYCAN 0:0 (seçmə mərhələ oyunu)

07.07.2013 AZƏRBAYCAN – Lüksemburq 1:1 (seçmə mərhələ oyunu)

14.08.2013 AZƏRBAYCAN – Malta 3:0 (yoldaşlıq oyunu)

28.03.2015 AZƏRBAYCAN – Malta 2:0 (seçmə mərhələ oyunu)

06.09.2015 Malta – AZƏRBAYCAN 2:2 (seçmə mərhələ oyunu)

17.11.2015 AZƏRBAYCAN – Moldova 2:1 (yoldaşlıq oyunu)

26.03.2016 AZƏRBAYCAN – Qazaxıstan 0:1 (yoldaşlıq oyunu)

26.05.2016 AZƏRBAYCAN – Andorra 0:0 (yoldaşlıq oyunu)

29.05.2016 Makedoniya – AZƏRBAYCAN 3:1 (yoldaşlıq oyunu)

04.09.2016 San Marino – AZƏRBAYCAN 0:1 (seçmə mərhələ oyunu)

01.09.2017 AZƏRBAYCAN – San Marino 5:1 (seçmə mərhələ oyunu)

Prinsipial oyuna necə çıxaq?

Ermənistanla qrupda qarşılaşmayacağıq. Ancaq hər iki komanda yarımfinala yüksəlsə, üz-üzə gəlmək ehtimalı böyükdür. Çox güman, belə olan halda həlledici oyunlar digər iki yarımfinalçıdan birinin ölkəsində keçiriləcək. AÇ-2008-in seçmə mərhələsində eyni qrupda yer alsaq da, son anda komandaların qarşılaşması münasib sayılmadı. Millətlər Liqasında bu baxımdan ilk yaşana bilər. Müstəqillik dövründə ermənilərlə klub və aşağı yaş qrupları səviyyəsində bir neçə dəfə üz-üzə gəlmişik və hamısında da qələbə qazanmışıq. Ancaq əsas yığmalar heç vaxt qarşılaşmayıb. Belə bir matç baş tutsa, futbolçular güclü təzyiq altında qalacaq. Çünki burda qələbə şərəf, qeyrət məsələsi qədər prinsipial olacaq. Qurban Qurbanovun üzərində də böyük yük və təzyiq olacağını dəqiq söyləyə bilərik. Yığmanın baş məşqçisi mümkün qədər futbolçuları sakitləşdirməli, onlara təmkinli və soyuqqanlı olmağı aşımalı, psixoloji hazırlığı yüksək səviyyəyə çatdırmalıdır. Çünki bu matçda fiziki və taktiki hazırlıq qədər psixoloji hazırlığın da böyük rolu olacaq. Xüsusi motivasiya verməyə isə ehtiyac yoxdur. Rəqibin kimliyi qələbə üçün kifayət qədər stimulvericidir. Bu oyun ərəfəsində komanda üçün psixoloqun ayrılması da faydalı ola bilər. Təki Millətlər Liqasında millətimizin adı ucalsın. Uğurlar, Azərbaycan!!!  

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right