AFFA-nın yeni rəhbərliyinin gəlişindən sonra Azərbaycan aşağı yaş qruplarından ibarət yığmalarında dəyişikliklər oldu. Milli komandaların bəzilərinə yeni baş məşqçilər təyin edildi ki, bunlardan biri də Aqil Nəbiyev idi.
O, U-17 komandasına təyinat aldı. Onun gəlişindən sonra isə komandada ciddi dəyişikliklər göz önündə idi. Onun rəhbərliyi altında yığmamızın həm oyunu göz oxşamağa başladı, həm də komanda nəticələr əldə etdi.
Qəbələdə təlim-məşq toplanışı keçirən U-17 yığmamız burada Qazaxıstanla üz-üzə gəldi. Rəqibindən oyun baxımından da üstün olan komanda 2:0 hesablı qalibiyyət əldə etdi.
Yığmamız növbəti görüşünü isə son illərdə futbolunun inkişafı ilə diqqət çəkən, hətta aşağı yaş qruplarında da uğurlu nəticələr əldə edən Gürcüstana qarşı keçirdi. Komandamız bu oyuna da rəqibindən üstün başladı, ilk qolu da vurdu. Son dəqiqələrdə rəqib çətinliklə də olsa, hesabı bərabərləşdirdi.
Amma Nəbiyev bundan qabaq keçirilən turnirlərdə də yaxşı nəticələr qazana bilmişdi. Yəni təyin olunmasına baxmayaraq bir neçə rəqibi üstələməyi bacarmışdı.
Daha sonra Aqil Nəbiyev rəsmi təyin edilmədiyi U-16 yığmasının baş məşqçisi kimi komandanı yoldaşlıq görüşlərinə çıxardı. Moldova yığmasına qarşı matçların hər ikisində komandamız qələbə qazandı – 3:2 və 2:1.
Bu nəticələrdən sonra A.Nəbiyevin bu yaş qruplarına yaxından bələd olduğu, onları daim nəzarətdə saxladığı, potensiallarını bildiyi ortaya çıxdı.
Həmçinin onun 15-16-17 yaşlı futbolçularla uzun müddət işləməsi üstünlük sayıla bilər.
Aqil Nəbiyevin U-16 yığmasına da rəsmi şəkildə baş məşqçi təyin edilməsi artıq labüddür. Çünki digər seçimlər hazırda bu komandalar üçün təhlükəli sayıla bilər. Komandanın təməlinə bələd olan çalışdırıcıya bu şans verilməlidir.
Onu da qeyd edək ki, qarşıdan Azərbaycanda keçiriləcək MDB Oyunları gəlir. Həmin turnirdə də Azərbaycanın U-16 milli komandası çıxış edəcək. Komandamızın burada uğurlu olması baş məşqçidən də asılıdır. Hazırda bunun üçün ən ideal namizəd isə Aqil Nəbiyevdir.
Ölkəmizdə keçiriləcək bu böyük turnirdə uğurlu nəticə qazanmaq istəyiriksə, komandanın hazırlığı da yüksək səviyyədə olmalıdır.
Həmçinin Aqil Nəbiyev bu turnirə gələcək rəqiblərimizə də bələddir. Hazırda onun U-16 yığmasına təyinat almaması üçün heç bir səbəb yoxdur. Seçim isə AFFA-nın olacaq. Ümid edək ki, Nəbiyevin nəticələri nəzərə alınacaq və ona bu etimad göstəriləcək.
Həmçinin onunla müqavilə müddəti ən azı 3 illik bağlanmalıdır. Çünki milli komandada yaxşı nəticələr əldə etmək istəyiriksə, müqavilə müddəti qısa olmamalıdır.
Həmçinin bu komandada sabitliyi təmin etmək baxımından da yaxşı addım sayıla bilər. Atalar demişkən – görünən dağa nə bələdçi?
Newsport.az